Zaur Axundov ən böyük transferini etdi - Onu Qurban Qurbanov da bəyənir

14:40 Araz-Naxçıvan 2 203
Zaur Axundov ən böyük transferini etdi - Onu Qurban Qurbanov da bəyənir

«Araz-Naxçıvan» bu yay avrokuboklarda debüt edəcək.

Premyer Liqanın bürünc medalçısı «köhnə dünya»nın qapısını Konfrans Liqası ilə açacaq.

Rəqib məlumdur, «Aris». Qitə arenasında ilk dəfə yarışacağı üçün püşk onların üzünə gülməyib. Elmar Baxşıyevin çalışdırdığı komandanı yunanlarla çətin oyunların gözlədiyi şübhəsizdir.

Bunu tək baş məşqçi başa düşmür, eyni zamanda, klubun rəhbərliyi də reallığın fərqindədir. Zaur Axundov əvvəlkitək çiynini ağır yükün altına verib, «Araz» üçün əlindən gələni edir.

O, hazırda meydanda təkdir, ancaq Naxçıvan adına səxavətini əsirgəmir, «mən yoruldum, gücüm tükəndi, qoy, başqaları kluba baxsın» demir.

Muxtar Respublika təmsilçisi cari transfer bazarının ən aktiv iştirakçılarından biridir.

Son üç həftədə 4 legioner, 1 yerli ilə vidalaşan «Araz» demək olar əsas heyətin özəyini qoruyub. Düşərgədəkilərin əksəriyyəti ilə müqavilə uzadılıb. Üstəlik, yeni simalar Baxşıyevin sərəncamına verilib.

Bar Cohen, Çance Simakala Ba-Muaka, Bruno Franko, Çarles Boli və Patrik Andrade kollektivə qoşulub. Daha 1-2 əcnəbinin də yaxın günlərdə bura gəlməsi gözlənilir.

Andradeni «Qarabağ»dan tanıyırıq, əla transferdir. Digərləri də səviyyəcə ondan geri qalmır.

Boli başda olmaqla, bu oyunçuları «Neftçi» və «Sabah»ın da istəməsi bizə bəllidir. Hər iki klub maddi imkanına görə «Araz»dan xeyli öndədir, bəs buranı niyə seçdilər?

Hə... Əlbəttə, Ceyhun Sultanov amili öz fərqini hiss etdirməlidir, ya yox?

Zaur Axundov «Araz»ın ən böyük transferini bu oyunçulardan öncə həyata keçirib. Dörd ilə yaxındır klub təsərrüfatından uzaq düşmüş təcrübəli kadrı yenidən bu sahəyə qazandırmaqla.

«Neftçi» sonuncu çempionluğu 2021-ci ildə qazanıb. Sultanovun 2020-ci ilin yayında etdiyi transferlər sonda Samir Abasova qızıl medallar qazandırdı.

Özü bundan 7 ay öncə idman direktoru postundan istefa verib getsə də. Hər halda həmin vaxt Azərbaycana gətirdiyi futbolçular istər həmin, istərsə də sonrakı mövsümdə «ağ-qaralar»ı üzdə saxladı.

Nə zaman ki onlar buradan ayrıldı, «Neftçi»nin də qara günləri başladı.

Ceyhun Sultanov ölkənin ən səriştəli və təcrübəli menecerlərindən sayılır. «Qarabağ»la indiyədək çalışmasa da, bilirik ki, Qurban Qurbanov da onun gördüyü işi bəyənir, haqqında çox müsbət fikirlər söyləyib.

O, oyunçu seçimində nadir hallarda yanılır. Gözü alıcı quş kimidir. Hər meecer xoşuna gələn futbolçunu Azərbaycana gətirə bilmir.

İşin içindən o qədər iş çıxır ki… Təklif olunan məbləğ bunun yanında elə böyük rol oynamır.

Adətən, yaxşı oyunçunun müştərisi də, istədiyi pul da yüksək olur. Çoxlu tələblər irəli sürür, ailəsinin, sevgilisinin arzularının yerinə yetirilməsini, maraqlarının nəzərə alınmasını istəyir.

Onu dilə tutmaq və razı salmaq da məharət istəyir. Ceyhun Sultanovda bu xüsusiyyətlərin demək olar hamısı var.

Zaur Axundov klubun seleksiya siyasətini idarə etməyi köhnə tanışına tapşırmaqla iki problemi birdən həll edib: komandanı gücləndirib və maliyyə itkisi riskini minimuma endirib. Sultanov bahara yaxşı bələddir, qiymət məsələsində aldadılması qeyri-mümkündür.

Yeni gələn legionerlərin mövqelərindən görünür ki, burada çiyin-çiyinə çalışma var, Sultanovla Baxşıyev arasında üzvi bağlantı yaranıb.

Baş məşqçi ötən mövsüm komandasında nə boşluqlar görübsə, hamısını incələyib, menecer isə nöqtə atışlar həyata keçirib.

«Araz» artıq 90 faiz komplektləşib. Nəzərdə tutulan oyunçular da gəlsə, qoz kimi komanda olacaq, hər dişdə sınmayacaq.

«Aris»i keçsələr də, keçməsələr də, şübhə etmirik ki, yenilənən «Araz» Premyer Liqanın qarşıdakı sezonunda medallar uğrunda mübarizənin düz mərkəzində dayanacaq.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti