
Konfrans Liqasında iştirak edəcək “Araz-Naxçıvan” yay toplanışına start verib.
Lakin tam heyətlə yox.
Belə ki, hazırlığın ilk günündə məşqdə yalnız yerli futbolçular iştirak edib.
Birinci məşq fitnes zalında baş tutub. Bu gündən etibarən isə komanda üzvləri yaşıl meydanda tər tökəcək.
Legionerlər komandaya qarşıdakı günlərdə qoşulacaq. Baş məşqçi Elmar Baxşıyevin tapşırığına əsasən ən geci iyunun 23-nə qədər hamı düşərgədə olmalıdır.
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək Naxçıvan təmsilçisi mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq ki, ilk oyun iyulun 24-də, cavab qarşılaşması bir həftə sonra keçiriləcək.
“Araz-Naxçıvan”ın rəqibinin adına iyunun 18-dəki püşkatma mərasimində aydınlıq gələcək.
HƏBİB / SPORTİNFO.AZ