
"Araz-Naxçıvan" tarixində ilk dəfə ölkəmizi avrokuboklarda təmsil edəcək.
Konfrans Liqasında iştirak edəcək klub heyətin komplektləşdirilməsinə start verib.
Elmar Baxşıyev hazırda daha çox heyətin qorunub-saxlanmasına çalışır.
Əbəs deyil ki, kütləvi şəkildə heyətdə yer alan oyunçularla yeni müqavilələr imzalanır.
Futbolda sabitlik çox önəmlidir.
Özəyin qorunması müsbət məqam kimi qiymətləndirilməlidir.
Amma Avropa səhnəsində uğurlu olmaq üçün bu yetərlidirmi?
Təbii ki, yox.
Komandanın güclənməsi mütləqdir.
Mövsüm ərzində muxtar respublika təmsilçisinin çəkdiyi sıxıntılar unudulmamalıdır.
Kasad heyət zaman-zaman təcrübəli mütəxəssisi çətin duruma saldı.
Bundan başqa məhsuldarlıq çox aşağı oldu.
Əbəs deyil ki, gümüş medalın sahibi 7-ci sırada olan "Şamaxı"dan cəmi 2 qol artıq vurub.
Yalnız Felipe Santos və Ramon Maçadonun ümidinə qalmaqla uzağa getmək olmaz.
Deməli, hər mövqedə güclənmək şərtdir.
Ən azı 5-6 yeni simanın gətirilməsi mütləqdir.
Əks halda "Araz"dan ciddi nəsə gözləməyə dəyməz.
XANOĞLAN İMANOV