
“Ölkə və çempionat xoşuma gəlir. Karyeramı Azərbaycanda davam etdirmək istəyirəm, ancaq...”
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın legioneri Vanderson Melo deyib.
2023-cü ilin yayından Naxçıvan təmsilçisinin şərəfini qoruyan braziliyalı yarımmüdafiəçinin klubla sözləşməsinin müddəti başa çatıb. Lakin onun burada qalıb-qalmayacağı bilinmir.
Səbəb, heç şübhəsiz, Vandersonun avrokuboklara vəsiqə qazanan klubun rəhbərliyindən daha sərfəli şərtlərlə təklif gözləməsidir.
Özü bunu açıq şəkildə deməsə də, sözlərindən başa düşmək çətin deyil:
“Rəhbərliklə bu barədə söhbətimiz olacaq. İstək və təkliflərimiz üst-üstə düşməlidir.
Azərbaycan Premyer Liqasında və Konfrans Liqasında oynamaq xoşdur. Lakin dediyim kimi, rəhbərliklə razılığa gəlməliyik.
Razılığa gəlsək, karyeramı “Araz”da davam etdirəcəm”.
30 yaşlı dayaq yarımmüdafiəçisi “qırmızı-ağlar”ın heyətində meydana çıxdığı 70 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB