
«Araz-Naxçıvan» rəhbərliyi Felipe Santosun tezliklə düşərgədən ayrılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
İcraçı direktor Eldəniz Yusifov bu barədə Sportinfo.az-a açıqlama verib.
Təcrübəli klub funksioneri deyib ki, braziliyalı legioner növbəti mövsümdə də ağ-qırmızı formanı geyinəcək.
Muxtar Respublika təmsilçisinin daxili həyatında mühüm rol oynayan idarəçi qeyd edib ki, ötən ilin yayında imzalanmış 1+1 illik kontrakt onlarla 28 yaşlı vinger qarşısında öhdəlik yaradıb:
«Həmin müqavilədə konkret bəndlər var. Orada göstərilib ki, Felipe Santos mövsüm ərzində keçirilən oyunların 60 faizindən çoxunda iştirak edərsə, o, avtomatik olaraq daha 1 il burada qalacaq.
Braziliyalı futbolçumuz bu həddi keçib, təkcə Premyer Liqada 10 qol vurub. Ən uğurlu transferlərimizdən biridir.
Oyunu və qolları ilə komandamıza bu mövsüm çox xeyir verdi. Rəhbərliyimiz Felipedən razıdır.
Klub onun qarşısında götürdüyü öhdəliyi yerinə yetirəcək. Maaşı bir qədər də artırılacaq.
Həmçinin əməkhaqqına bonuslar əlavə olunacaq.
Haqqında nə yazılmasından asılı olmayaraq, Felipenin «Araz-Naxçıvan»da qalacağını bilin. Özünün də fikri karyerasını burada davam etdirməkdir».