
«Araz-Naxçıvan» cari ilin əvvəlində sıralarına qatdığı Əyyub Allaşla yollarını ayıra bilər.
Klub rəhbərliyi Belçika vətəndaşı olan yarımmüdafiəçinin çıxışından narazıdır və bu barədə məşqçi korpusuna xəbərdarlıq edilib.
Mərakeş kökənli orta sahə oyunçusunun komandaya qatqı verməməsi, 1 aydan çoxdur zədədən əziyyət çəkməsi onunla bağlı rəsmilərlə neqativ rəy formalaşdırıb.
Onların fikrincə, ərəb mənşəli legioner oyun planında “yamaq” kimi görünür, yəni ki, yanlış transferdir. Odur ki, iyunda müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsinə dair danışıqlara indidən start verilməsi tapşırılıb.
2023-cü ilin yanvarından 2024-cü ilə qədər “Qəbələ”nin şərəfini qorumuş Allaş ötən ilin yayında Moldova “Şerif”i ilə 2 illik müqavilə bağlamışdı.
Lakin orada özünü xoşbəxt hiss etmədiyindən, Azərbaycana qayıtmağı qərara alıb.
Özü də az məbləğə yox. Muxtar Respublika təmsilçisi ilə 1,5 illik müqavilə imzalayan Allaş bu müddətdə 250 min dollar qazanacaq.
SPORTİNFO.AZ