
Ölkəmizi avrokuboklarda təmsil edəcək namizədlərdən biri “Araz-Naxçıvan”dır.
Son 4 turda möcüzə qeydə alınmasa, “qırmızı-ağlar” Konfrans Liqasında oynayacaq.
Təbii ki, klubda çalışanlar və “Araz”a azarkeşlik edənlər üçün xoş haldır.
Lakin bir məqam var ki, baş məşqçi Elmar Baxşıyev bundan mütləq ki, narahatdır. Sərəncamındakı futbolçuların, xüsusən də legionerlərin böyük əksəriyyətinin klubla müqavilə müddətinin başa çatması.
Sözləşmə müddəti bu ilin iyununda başa çatmalı olan İqor Riberyro ilə müqavilənin vaxtı yenilənib.
Cari ilin əvvəlində komandaya cəlb olunan Əyyub Allaşla anlaşma 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Felipe Santosun müqaviləsi “1+1” şərti ilə imzalanıb ki, klub birinci ildəki öhdəlikləri yerinə yetirəcəyi halda, ikinci ilin sözləşməsi dərhal qüvvəyə minəcək.
Vəssalam.
Hazırda Naxçıvan təmsilçisinin sıralarında olan 12 əcnəbidən yalnız üçü mövsüm başa çatandan sonra “Araz”a məxsus olacaq. Digər doqquz nəfərin aqibətinin necə olacağı bilinmir.
Çox güman, Miço Kuzmanoviç, Sezar Meza Kolli, Karlos Jatoba kimi ortabablarla yollar ayrılacaq.
Bəs, Kristian Avram, İsuf Paro, Vanderson, Benni, Ramon Maçado, Nuno Rodriges?
Hər biri “Araz” üçün kifayət qədər vacib fiqur hesab olunan bu legionerlərlə vaxtında razılaşmaq mümkün olmasa, sonra gec olacaq.
Yəqin ki, klub rəhbərliyi avrokuboklara vəsiqənin rəsmiləşəcəyi günü gözləyir.
HƏBİB