Hər medalın iki üzü var.
Görünən tərəfi hər kəs görür, görünməyən tərəfi isə yalnız onun içində olanlar.
«Araz-Naxçıvan»a bu aspektdən yanaşsaq, 16 tura cəmi 1 məğlubiyyət alan komandanın 39 xal toplaması və turnir cədvəlinə başçılıq etməsi iki nəfərə bağlıdır.
Elmar Baxşıyev və Zaur Axundov. «Araz-Naxçıvan»ı Premyer Liqanın lideri edən bu şəxslərdir. Güc onlara düşüb.
Baxşıyev yayda əla seleksiya işi görüb, tanıdığı futbolçulardan kompakt komanda qurub. Həddini, çərçivəsini bilərək, nəticəyə oynayaraq zirvəyə qalxa biliblər.
39 xal fantastik göstəricidir. Baxşıyev isə bu rəqəmin istisinə belə tez qızınmaq fikrindən uzaqdır, irəli, yenə də irəli getmək iddiasındadır.
Əlbəttə, iştah diş altındadır, mövcud formul uğura aparırsa, niyə də olmasın, davam etməsin?
«Səbail»lə matçda Roman Maçado «qol orucu»nu pozdu. Neçə vaxtdır fərqlənə bilmirdi, «tilsim»i, nəhayət ki, qırdı.
O da geri qayıtdısa, «Araz-Naxçıvan» qarşıdakı həftələrdə daha «diş»li təsir bağışlayacaq.
«Araz-Naxçıvan»ın bütün futbolçuları istəklidir. Hamı oynamaq, özünü göstərmək həvəsindədir.
Bilirlər ki, Zaur Axundov yaxındadır, qələbə qazansalar, bir azdan paltardəyişmə otağına enərək, onlara da pul qazandıracaq.
Axundov hər halıyla komandanın yanındadır. Böyük təsir qüvvəsidir.
Futbolçu görəndə ki rəhbərin dilində yalan yoxdur, kollektivə dəstəkdir, daha çox can yandırır. Naxçıvan Futbol Federasiyasının prezidenti bir addım geri çəkilsə, bu piramida zədələnər, yavaş-yavaş dağılar.
Arzu edək ki, «Araz-Naxçıvan»dakı vəhdət pozulmasın. Necə başlayıblar, belə də getsinlər.
Ona görə ki, çempionata yeni rəqabət, yeni rəng qatıblar.
ELNUR