
Hakimlərin «Araz-Naxçıvan»a simpatiyasından çox danışılır son vaxtlar.
Demək olar hər turdan sonra bu konteksdə söhbətlər baş alıb gedir, bir az da böyüyür.
Bu, artıq problemdir. Ciddi problem.
Bəli, «fit sahibləri» bölgə klubuna yardım edirlər. Bunu da açıq-aşkar edirlər.
Heç kimdən, heç nədən çəkinmədən. Cəzasızlıq mühiti onları daha da ruhlandırıb.
Elə bil, bir-birləriylə rəqabətə giriblər. «Qonşudan qalma dala» prinsipiylə «Araz»ın rəqiblərinin başına itin oyununu açırlar.
Bilin, bu, Zaur Axundova görə deyil. Əgər Axundova görə olsaydı, «Araz»ın ötən mövsüm vayına oturmazdılar.
Naxçıvan Futbol Federasiyasının prezidentinin adı yalandan bu məsələdə hallandırılır.
Bilin, hakimlərin «Araz»ın «qulluğ»unda dayanması Elmar Baxşıyev üçündür.
İki Elxanın - Səmədovla Məmmədovun himayədarlığı ilə görəvə gəlmiş baş məşqçini hələ uzun müddət vəzifədə tutmaq istəyirlər.
Komanda turnir cədvəlinin üst pillərində mövqeyini möhkəmləndirməli, avrokuboklara vəsiqə qazanmalıdır ki, Axundov Baxşıyevlə müqavilənin müddətini uzatsın. İşlər bir qədər tərs getsə, sözsüz, iddialı rəhbər onun üzünə də baxmayacaq, istefaya yollayacaq.
Bütün hakimlər kimi, Əliyar Ağayev də Elmar Baxşıyevin hansı səviyyədə dəstəklənməsindən, arxasında kimlərin durmasından xəbərdardır.
Elxan Məmmədov 2 ildən çoxdur AFFA-dakı vəzifələri ilə vidalaşıb, ancaq bu gün də Premyer Liqaya təsir gücünü özündə saxlamaqdadır. İndinin özündə də federasiyada daşı kimə atırsan, gedib onun adamlarına dəyir.
Ağayevin «Zirə» ilə matçın son dəqiqələrində «Araz»ın xeyrinə təyin etdiyi penalti bütün şübhələrə nöqtə qoydu. FİFA referisi çox gülünc penal verdi, amma nə utandı, nə də çəkindi.
Ondan qabaq «Araz»ın xeyrinə yanlış qərar verənlərin hansı birinə sərt cəza kəsilib ki, ona da «qulaqburması» verilsin?
Bəlkə də artıq çağırıb başını sığallayıblar ki, bərəkallah, «imtahan»dan yaxşı çıxdın!
ELXAN