Zaur Axundov Naxçıvan Futbol Federasiyasının sədri seçilib.
Bununla bağlı federasiyanın hesabat-seçki yığıncağında qərar verilib.
Z.Axundov bu vəzifədə Qəzənfər Abduallayevi əvəzləyib.
O, Azərbaycan Futzal Federasiyasının prezidenti, 2017-ci ildən AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür.
Bununla bərabər həm də qeyri-rəsmi olaraq "Araz Naxçıvan" klubunun əsas söz sahibidir.
Onun rəhbəri olduğu klub ötən mövsüm Premyer Liqada bütün ev matçlarını Bakıda keçirdi.
Bizə verilən informasiyaya görə, planlara yeni mövsüm də rəqibləri paytaxtda qəbul etmək daxil idi.
Bugünə kimi..
Təbii ki, "Araz" da nə vaxtsa doğma publika önündə oyunlarını keçirməlidir. Özünü bir Naxçıvan təmsilçisi kimi hiss etməlidir. Orada olan futbol azarkeşlərinin də haqqıdır ki, sevimli komandasının oyununu canlı izləsin. Bu, həm də Premyer Liqada rəqabətin artması baxımından faydalı olacaq.
Ümid edək ki, klub rəhbərinin Muxtar Respublikada məsul vəzifəyə layiq görülməsi bu məsələdə də açar rolunu oynayacaq.
Artıq Zaur Axındov təkcə klubda yox, həm də klubun təmsil olunduğu bölgədə idman sahəsi üzrə əsas söz sahibi olacaq.
Bu da ümid verir ki, qısa müddətdə Naxçıvan Şəhər stadionu əsaslı təmirə bağlanacaq, elita üçün lazım olan səviyyəyə gətiriləcək.
Hər halda, daha bu şərtlər altında da "Araz" Bakını tərk etməyəcəksə, nə zaman tərk edəcək?
XANOĞLAN İMANOV

