COP29

Bu komanda Azərbaycan Premyer Liqasından qovulmalıdır!

11 İyun 23:00 Araz-Naxçıvan 9 733
Bu komanda Azərbaycan Premyer Liqasından qovulmalıdır!

"Araz Naxçıvan" 2024/25 mövsümünə də Bakıda start verəcək.

Komanda rəqiblərini Mərdəkanda yerləşən "Liv Bona De Arena"da qəbul edəcək.

Hələ ötən mövsüm elitaya vəsiqə qazanılanda paytaxtda köçün qısamüddətli olacağı elan olunmuşdu.

Öncə qışa kimi möhlət istənildi, ardınca mövsümü Bakıda sona çatdırdılar.

Naxçıvanda yerləşən və ev oyunlarını qəbul etməli olan arenadan isə səs-səmir yoxdur.

Görünən odur ki, "Araz" özünü paytaxt klubuna çevirmək yolunda iri addımlarla irəliləyir.

Klubu bildik, bəs AFFA və çempionatın təşkilinə cavabdeh olan Peşəkar Futbol Liqası hara baxır?

Adıçəkilən qurumların klublara güzəştə getməsini anlayışla qəbul edirik.

Ötən mövsüm "Kəpəz" ev oyunlarını harada gəldi keçirirdi. Qərb təmsilçisi Tovuz, Qəbələ, Bakı şəhərlərində yerləşən stadionları əlcək kimi dəyişdi. Görməzdən gəldik. Faktiki komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu təmirə bağlanıb. Hazırda da orada sürətli iş gedir. Qısa müddətdə hazır olması gözlənilir.

Qısa müddət "Turan Tovuz" da Bakıda rəqiblərini qəbul etdi. Tovuz şəhər stadionunda işıqlandırma sistemi və digər işlər görüldüyü üçün.

Amma "Araz"la bağlı durum tam başqadır.

Klub Naxçıvan şəhər stadionunun yararsız vəziyyətdə olmasını əsas gətirərək Bakıya sığınıb.

Və ikinci ildi arenada heç bir iş görülmür. Bakıda legionerlərə milyonlar xərclənir, amma stadionun təmirinə pul tapılmır.

Bəs dövlətin ayırdığı 3 milyon hara gedir? Nə vacib idi ki, komanda ötən mövsüm avrokuboklar iddiası ilə yola çıxsın?

Yenicə yüksək liqaya vəsiqə qazanan komanda 20 min dollarlıq əcnəbi gətirməyə məhkum deyil.

Daha az büdcə ilə ortabab komanda yaratmaqla bərabər, Naxçıvan şəhər stadionun da rəqibləri qəbul etməyə hazır vəziyyətə gətirmək olardı.

Yox, klub bunda maraqlı deyilsə, AFFA və PFL daha sərt qərarlar verməlidir.

Məsələn, kluba problemin həlli üçün vaxt qoyulmalıdır.

Təyin olunan müddətdə stadion məsələsi həll edilməsə, komanda Premyer Liqadan qovulmalıdır.

Əks halda bu xəmir hələ çox su aparacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?