COP29

Premyer Liqa komandasında UĞURSUZ GEDİŞ

6 May 23:00 Araz-Naxçıvan 722
Premyer Liqa komandasında UĞURSUZ GEDİŞ

"Araz Naxçıvan"nın qeyri-rəsmi rəhbəri Zaur Axundov susqunluğu pozub.

O, uzun aradan sonra mətbuata müsahibə verib.

Funksioner özü də komandanın yaxşı oyunlar keçirdiyi, surpriz qələbələr qazandığı, avrokuboklara iddialı olduğu zamanda yox, məhz mövsümün itirilməsi dəqiqləşəndə, nəticələr ürəkaçan olmayanda səhnəyə çıxıb.

Və ən əsası Azər Bağırovun istefasından sonrakı ilk qələbədə mikrofonlar arxasına keçib.

Bu qədər təsadüf? Məncə, yox.

Axundov hər şeyi yaxşı ölçüb-biçən adamdır.

Yaxşı bilir ki, Bağırovun gedişi ictimaiyyətdə birmənalı qarşılanmadı.

Ayrılığın arxasında mütəxəssisin işinə müdaxilə cəhdlərinin durduğunu sıravi azarkeşlər də hər fürsətdə dilə gətirir.

Zaur bəy ilk qələbədən sonra səhnəyə çıxdı, hər şeyin yoluna düşməsinin mesajını verdi.

Klubda nizamın pozulmasını isə Azər müəllimin üzərinə atmış oldu.

Futbol ictimaiyyəti buna inandımı? Təbii ki, yox.

Çünki biz keçmişi unudan adamlar deyilik.

Biz yaxşı bilirik ki, Bağırov mövsümün əvvəli komandanı çempionata cəmi 1 həftəyə hazırlayıb.

Hamının "qapazaltı" olmaq qorxusu yaşadığı günlərdə məhz o, sinəsini qabağa verib, hər kəsi təəccübləndirməyi bacarıb.

Heç kimə lazım olmayan yerlilərlə, şişirdilmiş qiymətlərlə kluba soxuşdurulan legionerlərin vəhdətini qurmaq işini məharətlə görüb.

Bunu etmək böyük intizam, bacarıq tələb edir. Nizam-intizama qışa kimi gərək vardı. Çalışdırıcı bunun öhdəsindən artıqlaması ilə gəlmişdi.

Qışda sadəcə həmin intizama sadiq qalmaqla güclənmək lazım idi.

Axı futbolda tək nizam-intizamla bir yerə qədər getmək olar.

Hədəflərə çatmaq üçün isə keyfiyyət çox önəmlidir.

Muxtar Respublika təmsilçisinin rəhbərliyi isə fasilədə əlini cibinə salmaq, daha keyfiyyətli bir oyunçu belə almağa həvəs göstərmədi.

Elə intizam da bununla pozuldu.

Dağılma, inamsızlıq bununla yarandı. Abıra kola olmaq əvəzinə, həftələrlə abır örtən adamın abrını aparmaq yaxşı gediş olmadı. Uğursuz da deyə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq