"Narahatlıq yoxdur, orada da işə başlayanda komanda sonuncu yerdə idi"

11 Aprel 22:20 Araz-Naxçıvan 751
"Narahatlıq yoxdur, orada da işə başlayanda komanda sonuncu yerdə idi"

Bu mövsüm Azərbaycan Premyer Liqasında 5-ci baş məşqçi istefası "Araz Naxçıvan"da gerçəkləşdi.

Azər Bağırov son nəticələr və xüsusilə komanda daxili mənfi ab-havadan cana doyaraq getmək qərarı verdi.

Muxtar Respublika təmsilçisi vakant posta ötən ay "Qəbələ"dən ayrılan Elmar Baxşıyevi təyin etdi.

Təcrübəli mütəxəssis enişdə olan kollektivə əlac olmalıdır.

Bağırov heç də pis komanda qoyub getməyib.

Hazırda "Araz" Premyer Liqada qalmaq işini demək olar həll edib.

Avrokuboklara getmək şansı isə az da olsa var.

Lakin daxili hərc-mərclik, maaş və mükafatların vaxtında veilməməsi ilə bağlı iddialar bir qədər qarışıq durum olduğunu deməyə əsas verir.

Maraqlıdır bütün bunların fonunda Baxşıyev üçün kluba gəlmək qərarı verməsi çətin olmadımı?

Sorğumuza cavab olaraq çalışdırıcı bunları dedi:

"Hər hansı narahatlıq yoxdur. Hər bir komandanın uğursuz seriyası ola bilər.

Futbolda belə hallar qaçılmazdır. Qalan 7 oyunun hamısında qarşımıza qələbə qazanmaq hədəfi qoymalıyıq.

Bu oyunlardan gələcək üçün müsbət siqnallar almalıyıq. Mən "Qəbələ"də işə başlayanda komanda sonuncu yerdə idi.

Amma müəyyən müddət keçəndən sonra uğurlar gəlməyə başladı. İndi də "Araz" rəhbərliyi məndə maraq yarada bildi.

Daha yaxşı komanda yaratmaq istəklərini hiss etdim. Ümumiyyətlə, hər bir seçim hansısa inkişafın, uğurun açarıdır.

Məşqçilər yeni çağırışlara hazır olmalıdır. Bundan sonra üzərimizə daha çox çalışmaq, işləmək düşür. Şərtlərlə tanış olub, qəti qərarımı verdim".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti