HAQSIZLIQ: Sonuncu günahkar gəmini birinci tərk etdi

6 Aprel 19:00 Araz-Naxçıvan 1 180
HAQSIZLIQ: Sonuncu günahkar gəmini birinci tərk etdi

“Araz Naxçıvan”ın qələbə həsrəti 7 matça çatdı.

Komanda bu dəfə autsayder “Kəpəz”ə boyun əyməli oldu – 1:2.

Halbuki ilk hissə Muxtar Respublika təmsilçisinin həm ərazi, həm də nəticə (1:0) üstünlüyü ilə keçmişdi.

Nə oldusa fasilədə oldu.

İkinci yarıda 8 dəqiqədə 2 oxşar qol buraxan meydan sahiblərinin futbolçuları faktiki olaraq məğlubiyyət üçün zəmin yaratmış oldular.

Sonrakı dəqiqələrdə də ciddi nəiləsə yadda qalmayan “Araz” sonda meydanı xalsız tərk edən tərəf oldu.

Komandanın meydandakı məsuliyyətsiz çıxışı, nəhayət, Azər Bağırovu da danışmağa məcbur etdi. Çalışdırıcı matçdan sonra işlətdiyi 1 cümlədə hər şeyi ifadə etmiş oldu – “Futbolçular dediyimiz şeyləri meydanda icra etmirlər”.

Diqqət edin, o, edə bilmirlər, bacarmırlar, keyfiyyətləri çatmır demir ha, etmirlər deyir.

Yəni futbolçularda istək, ruh yoxdur. Meydana qələbə üçün çıxmırlar. Baş məşqçinin verdiyi taktiki tapşırıq, psixoloji motivasiya oyunçular üçün əhəmiyyət daşımır.

Biz bu barədə ötən tur “Sumqayıt”a məğlubiyyətdən sonra da yazmışdıq. Hətta baş məşqçinin hələ də postunda duruş gətirməsini qəhrəmanlıq adlandırmışdıq.

Amma tərs gedişə müdaxilə edən olmadı.

Hakimlər “Araz”ın əleyhinə qərarlar verir baş məşqçi etiraz edir.

Maaşlar ödənilmir, futbolçular baş məşqçidən başqa kimisə görmür.

Klub sahibsiz komanı xatırladır.

Rəsmilər nə işə baxır, hardadır bilən yoxdur.

Gedişandan cana doyan Bağırov da sona 7 tur qalmış getmək qərarı verdi.

Sonuncu günahkar gəmini birinci tərk etdi.

Əsl günahkarlar isə indi gəmini rahatlıqla batıra bilər.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti