Başlı-başına qalan Premyer Liqa klubunun ACI MƏNZƏRƏSİ

2 Aprel 23:20 Araz-Naxçıvan 2 198
Başlı-başına qalan Premyer Liqa klubunun ACI MƏNZƏRƏSİ

"Araz Naxçıvan"da "qara zolaq" davam edir.

Komanda bu dəfə Sumqayıtda xala həsrət qaldı - 0:1.

Açığı, futbolçularda xal qazanmaq həvəsini də hiss etmədim.

Sanki məcburiyyətdən meydana çıxmışdılar.

Xüsusilə də ilk hissə meydan sahibləri meydançada istədiyi kimi hərəkət edirdi.

Qısa ötürmələr, uzun paslar, qol imkanları və.s hamısını meydan sahiblərinin ifasında görə bilirdik.

"Araz"lı futbolçular isə sanki gəzməklə final fitini gözləyirdilər.

Yalnız fasilədən sonra Azər Bağırov əvəzetmələrlə komandasına müəyyən canlanma gətirə bildi.

O da məğlubiyyətdən xilas olmağa yetməyəcək qədər.

Başqa cür də ola bilməz.

Mütəxəssis bilmir futbolçularına tapşırıq versin, yoxsa onlara üçüncü aydı maaş üzünə niyə həsrət qalmalarına aydınlıq gətirsin.

Heç özünün də həmin suala cavabı yoxdur. Çünki faktiki klub qalıb başlı-başına. Nə yaxın duran var, nə də problem dinləyən.

Bu şərtlər altında çalışmaq çox ağırdı.

Heyf Bağırovun əziyyətinə.

Yayda qısa müddətə ordan-burdan heyət formalaşdır, yaxşı nəticələr əldə et, amma ona aidiyyətı olmayan klubdaxili problemlərə görə hamısı hədər getsin.

Onsuz da heyət gec yığılıb, yerli futbolçu qıtlığı var. Yəni məşqçini məşğul edən, düşündürən nöqsanlar nə qədər desən var.

Digər yandan da maaşlar gecikir. Düzdü, gecikmənin Bağırovla əlaqasi yoxdur.

Amma onun işinə birbaşa mane olur. Futbolçular məşqlərə, oyunlara istəksiz çıxır. Günü-günə, ayı-ayı calamaq barədə düşünür. Oynamaq və qazanmaq istəyi ən son plana düşüb.

Baş məşqçi bu qədər problemlərə rəğmən, hələ də başını götürüb getməyibsə, böyük adamdır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti