Azərbaycan klubunun əsəblərini tarıma çəkən hakimlə bağlı YENİ FAKTLAR

18 Mart 23:00 Araz-Naxçıvan 6 312
Azərbaycan klubunun əsəblərini tarıma çəkən hakimlə bağlı YENİ FAKTLAR

“Araz Naxçıvan” Premyer Liqanın 26-cı turunda “Turan Tovuz”a məğlub oldu – 0:2.

Qarşılaşmadan sonra qonaqların baş məşqçisi Azər Bağırovun narazılıq etdiyi yeganə adam Rəşad Əhmədov idi.

Söhbət oyunun baş hakimindən gedir.

SİTAT: “Keçən dəfə dedik ki, Rəşad Əhmədov komandamızı çökdürür. Skamyada oturan 20 yaşlı uşaq da dözə bilmir. Bu qədər hakimlər var. Rəşadı başqa oyuna göndərsinlər. Hisslərimizlə oynayır. Rəşadı görəndə artıq bilirəm ki, məğlub olmuşuq. Bir oyun deyil, "Sabah"la matçda VAR-da oturmuşdu, bu gün əsas hakim idi. Başqa planlarınız varsa, deyin. Komanda futbol oynayır. Cərimə meydançasında futbolçumuzu dirsəklə vururlar, qardaşoğlu susur. Biz necə oynayaq? Deyin, işimizi bilək. VAR çağırır, Rəşad deyir ki, baxdım heç nə yoxdur. Məni sındırmaq üçün gəlirsə, heç nə demirəm. Sağolsunlar, yollarına davam etsinlər”.

Maraqlıdır, çalışdırıcının dili ilə desək, Muxtar Respublika təmsilçisini çökdürən adamın təyinat aldığı matçlarda klub hansı nəticələri göstərib?

Tərəflər ilk dəfə 6-cı turda üz-üzə gəliblər. “Araz”ın “Neftçi”ni məğlub etdiyi qarşılaşmada (1:0) Əhmədov VAR-da oturub.

Sonrakı mərhələdə referi daha 8 dəfə Naxçıvan təmsilçisinin oyununa təyinat alıb. Bunun 5-də baş hakim Rəşad Əhmədov olub.

Və həmin 5 görüşdə Azər Bağırov yalnız bir qələbəyə sevinə bilib. Digər 4 görüşdən 3-də məğlubiyyət, birində isə bərabərlik qeydə alınıb.

11-ci turda “Araz”ın “Qarabağ”I məğlub etdiyi (2:1) matçda Rəşad 4-cü hakim funksiyasını yerinə yetirib.

22-ci turda “Səbail”lə bərabərə bitən (2:2), 25-ci turda “Sabah”a məğlubiyyətin (0:2) qeydə alındığı matçlarda isə adıçəkilən hakim VAR-da oturub.

Göründüyü kimi, Rəşad Əhmədovun xüsusilə baş hakim olduğu qarşılaşmalarda “Araz”ın qələbə qazanması müşkülə çevrilir. Komandanın mövsüm ərzində aktivinə yazdırdığı 8 qələbədən yalnız biri onun meydanda olduğu matça təsadüf edir.

Bu, bir təsadüfdir, yoxsa Azər müəllimin eyham vurduğu kimi, hansısa planların tərkib hissəsi? Nəsə demək çətindir. Bunu da buraxaq hakimlərin vicdanına.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"