Premyer Liqa klubunda yeni "torba əməliyyatı"

28 Fevral 11:40 Araz-Naxçıvan 1 344
Premyer Liqa klubunda yeni "torba əməliyyatı"

«Araz-Naxçıvan» 5-10 günə yığılan komandadır.

Bu komandanın əsasını legionerlər təşkil edir.

Onların sayı 10-dan çoxdur. Və bu çoxluq qədərindən, layiq olduğundan iki-üç dəfə artıq əməkhaqqı alır.

Tam bir məcburiyyət…

«Araz» uzun illər Premyer Liqada çıxış etməyib. Medal, avrokubok üzü görməyib.

Gözdən, könüldən uzaq düşüb. Adi «vikipediya»da səhifəsi olmayıb. Sosial şəbəkə resursları aktiv fəaliyyət göstərməyib.

Belə bir məhrumiyyətlər içində, yeni mövsümün startına az qalmış tələm-tələsik yığılan komanda cari çempionatda çox proqnozları alt-üst edib.

«Sumqayıt» və «Səbail»dən başqa bütün rəqiblərə qalib gəliblər. «Qarabağ» belə, onlara məğlubiyyətdən qaça bilməyib.

Bu sürprizlərə imza atan şəxs Azər Bağırovdur. Region Liqasından bəri «Araz»ı çalışdırmağa davam edən məşqçi ona tapşırılan işin öhdəsindən gəlməyə can atır.

Həvəslidir, işküzardır, iddialıdır. Amma… Başıaşağı adamdır. El arasında, bu tip insanlara «üzüyola» deyirlər.

Bağırovu yıxsa, elə «üzüyola»lıq yıxacaq. Axır 7-8 oyunda qeydə alınan qeyri-sabit nəticələrə görə onun əziyyətinin üstündən qara xətt çəkənlər tapılıb.

Onlar stadionun yuxarı hissəsində - VİP-də əyləşənlərdir. Zaur Axundovu görüncə onun qabağına qaçanlar fürsət yarandıqda baş məşqçinin «kölgəsini qılınclayır», qeyri-rəsmi rəhbərin gözündən salmağa çalışırlar.

Axundovun isə deyəsən, düşərgədəki proseslərdən gerçək məlumatı yoxdur, ya da çox azdır. Əsas problemləri ondan gizlədirlər,

Axundov bəlkə də bilmir ki, komandanın gündəlik məşqi hansı çətinliklərlə baş tutur. İdarəçilər Bağırova çox şey vəd edib, az şey veriblər.

Bu azmış kimi, baş məşqçi ilə Axundovun görüşünü təşkil etmirlər.

Gücü bir yerə qoymaq, komandanın yenidən liderlər qrupuna qayıtmasına kömək etmək - bu, rəsmilərin yuxusuna da girmir, qayğılandırmır.

Öz maraqları var onların. Hərəsi Bağırovun yerinə bir namizəd düşünüb. Kim qabağa düşdü, düşdü.

Bağırovu birinci kim Axundovun gözündən salacaqsa, o da üstünlük əldə edəcək. Hər halda belə fikirləşirlər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti