“Bakını filmdə görmüşdüm” – O, ilk müsahibəsini “Sportinfo”ya verdi

26 Fevral 21:20 Araz-Naxçıvan 1 936
“Bakını filmdə görmüşdüm” – O, ilk müsahibəsini “Sportinfo”ya verdi

Ölkəmizdə legioner həyatı yaşayan “Araz-Naxçıvan”ın Vanderson Melo rus dilində sərbəst danışmağı bacarır.

Sualları başa düşür, fikirlərini rahat şəkildə başa salır, yəni bu formada.

Bu da səbəbsiz deyil. Bura gələnə qədər Belarus, Ukrayna və Litvada top qovub.

Açığı, braziliyalı ilə onunla müsahibəni çoxdan planlaşdırırdım. Lakin hər dəfə hansısa yolla boyun qaçırırdı.

Mətbuatla ünsiyyətə həvəsli olmadığınmı qətiləşdirmişdim özümdə.

Stadionda yenə ona yaxınlaşdım. Bu dəfə “saqqızını oğurlamaq” nəsib oldu.

- Vanya, rus dilində danışmağı kim öyrədib sənə?

- Özüm. 4 il Belarusda oynamışam, yaşamışam. Bu, az müddət deyil. Orada olduğum müddətdə demək olar hamı rusca danışırdı. Mən də hər dəfə yeni söz eşidirdim, öyrənirdim. Yavaş-yavaş öyrəndim. Amma əla danışdığımı deyə bilmərəm (gülür).

- Sevgilin, yaxud həyat yoldaşın belaruslu idi?

- Yox-yox. Sırf özüm öyrənmişəm. Komanda yoldaşlarımdan eşidə-eşidə, filmlərə baxa-baxa, tərcümə proqramlarında bilmədiyim sözləri öyrənə-öyrənə bir də baxdım ki, danışıram. Təzə-təzə çətin idi. Təcrübə toplayandan sonra problem olmadı.

- Belə çıxır ki, 3-4 il Azərbaycanda yaşasan, dilimizi də öyrənəcəksən?

- Bunun üçün praktika lazımdır. Nə qədər çox ünsiyyət qursam, bir o qədər rahat olar mənə. Məncə, öyrənə bilərəm.

- Məşqlərdə əsasən hansı dildə danışırsınız?

- Azərbaycan, ingilis və rus dillərində. Komandamızda legionerlərin sayı çoxdur deyə, müxtəlif dillərdən istifadə edirik.

- Bakıda özünü necə hiss edirsən?

- Çox yaxşı, əla. Həyat səviyyəsi, hava şəraiti, təmizlik, gözəllik – nə istəsən burada var. İnsanlar da qonaqpərvərdirlər. Şəxsən mən Bakıdan və burada yaşamaqdan zövq alıram.

- Minsk, yoxsa Bakı?

- Mən Vitebskdə yaşamışam deyə, Minsklə müqayisə apara bilərəm. Şəxsən Azərbaycanda yaşamaq mənə xoşdur. Ən çox xoşuma gələn buranın havasıdır. Belarusdakı qədər soyuq deyil. Soyuğu o qədər də sevmirəm (gülür).

- Çempionatımızda top qovan braziliyalılarla dostluq edirsən?

- Oyunlarımız olanda rəqib komandaların heyətindəki braziliyalılarla görüşmək imkanım olur. Onda nəsə danışırıq, söhbət edirik. Amma xüsusi şəkildə yox.

- Restoranlarda, klublarda, ad günlərində görüşmürsünüz?

- Yox, mən gəzməyi sevən biri deyiləm. Oteldən məşqə gedib-qayıdıram, dincəlirəm. Xarakterim bu cürdür.

- Ölkəmizdə səni təəccübləndirən nədir?

- Təəccübləndirən elə bir şey yoxdur. Çünki bura gələnə qədər ölkə və şəhər haqqında heç nə bilmirdim. Bakı mənim üçün sirli qutu idi deyə, gördüyüm şeylərə normal yanaşdım, təəccüblənmədim.

- Postsovet ölkələrində oynadığın halda Azərbaycanın, Bakının adını eşitməmisən?

- Bir dəfə hansısa filmə baxırdım, orada Bakıdan görüntülər yer almışdı. Sözün düzü, videoda çox bəyənmişdim. Amma geniş məlumatım yox idi.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti