COP29

Papağını yerə çırpan – Onu buna kim məcbur etdi?

18 Fevral 16:05 Araz-Naxçıvan 1 139
Papağını yerə çırpan – Onu buna kim məcbur etdi?

«Araz-Naxçıvan»ın «Səbail»lə qarşılaşmaları bir qayda olaraq maraqlı keçir.

Sayca üçüncü duel də istisna olmadı.

İlk iki sınaqdan 1 xalla ayrılmış «Araz» dünən Bayılda ev sahiblərinin telinə sığal çəkmədi.

Hesabda geri düşdü, ardınca iki qol vurdu, fasiləyə üstün yollandı. Orxan Əliyev dubla imza atıb, mövsümün əvvəlindəki formasına qayıtmasına işarə etdi.

Fasilədən sonra da meydanda hərəkətli Orxan vardı, lakin Məhəmməd Kadirinin əvəzlənməsi həm onun, həm də yoldaşlarının faydalı iş əmsalını aşağı saldı. Vandreson o olmadı,

«Araz» ikinci yarıda ərazi üstünlüyünü təhvil verdi, fikrini müdafiəyə yönəltdi. Məncə, Azər Bağırov əks-hücum taktikasını seçməyə tələsdi.

Bəlkə də hesabı qorumaq üçün belə etdi. «Səbail»in böyük qüvvəylə irəli atılacağını, müdafiədə boşluqlar verəcəyini fikirləşmişdi.

Əslində, təxminləri doğru çıxdı, Kadirinin kənara alınmasıyla boşalan orta sahə boş qazanın guruldamasını xatırlatdı.

Belədə nə edirsən et, qaş düzəldən yerdə vurub göz çıxaracaqsan.

Bir-iki kəlmə də hakimlik barədə. «Səbail»lə oynayırsansa, rəqibin 11 nəfəri ilə yanaşı, hakimlərə qarşı da yaxşı hazırlaşmalısan.

Belə etmədinsə, vayındır, dadına isə heç kim çatan deyil. «Araz-Naxçıvan»ın ikinci hissədəki idarəçilikdən narazı qalması təbiidir.

Referi Kamran Əliyev haqlı ikən haqsız duruma düşürdü «Araz»ı. Əsasən də ikinci yarıda.

Arada papağını başından çıxarıb yerə çırpmaq isə Rail Məlikova qaldı.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!