“Sumqayıt”ın israilli yarımmüdafiəçisi Roi Kehat Sportinfo.az-a müsahibə verib.
“Kimyaçılar”ın Premyer Liqada ən məhsuldar futbolçusu (5 qol) “Neftçi”ylə 1:1 hesabı ilə başa çatan kubok qarşılaşması haqda sualları cavablandırıb.
- Yarımfinala adlamaq üçün çox çalışdınız. Nə çatmadı?
- Fikrimcə, bu gün çox yaxşı oyun nümayiş etdirdik. Erkən qol buraxmağımıza baxmayaraq, xarakter göstərib bərabərlik topunu vurduq və hakimin final fitinə qədər mübarizə apardıq. Təəssüf ki, axtardığımız qolu vura bilmədik.
- “Neftçi”nin cərimə meydançasına qədər gəlib, son anda şansları əldən verirdiniz.
- Bəli, doğru buyurursunuz. Ən böyük problemimiz sonuncu ötürməni verə bilməməyimizdir. Bu gün də bir neçə dəfə bu çətinlikdən əziyyət çəkdik. Məşqlərdə problemi aradan qaldıra bilsək, qollarımızın sayı artacaq.
- “Neftçi”ni çempionatda 2:1 hesabı ilə məğlub etməyiniz hansısa mənada bu matça öz təsirini göstərmişdi?
- Deməzdim. Bərpa üçün kifayət qədər vaxtımız var idi. Yorğunluq, ya da hansısa problem olsaydı, “Neftçi” kimi rəqiblə son saniyəyə qədər başa-baş mübarizə aparmazdıq. Üstəlik, Sumqayıtdakı qələbədən sonra atmosfer kifayət qədər yaxşı idi. Təsadüfi qələbə olmadığını göstərmək istəyirdik və göstərdik də.
- Növbəti görüşünüz turnir cədvəlindəki əsas rəqiblərinizdən olan "Zirə"yə qarşıdır. Azarkeşlər nəyə ümid etsinlər?
- Artıq bu dəqiqədən etibarən “Zirə” ilə qarşılaşmanı düşünürük. Turnir cədvəlində komandalar bir-birinə çox yaxındır. Ona görə də əsas rəqiblərlə görüşlərdə diqqətli olmaq lazımdır. “Zirə” fiziki baxımdan güclü, qapısından ən az top buraxan komandadır. Müdafiədə çox etibarli görünürlər, bəlkə də liqada ən yaxşı müdafiə xətti onlardadır. Əks-hücumlarda isə təhlükəli olurlar.
HƏBİB

