“Araz-Naxçıvan” çoxlarının gözləmədiyi halda “Kəpəz”ə məğliub oldu.
Avrokuboklara vəsiqəni arzulayan Azər Bağırovun rəhbərlik etdiyi kollektiv çempionatda qalmaq uğrunda mübarizə aparan qərb təmsilçisi ilə bacarmadı – 1:4.
Oyun başa çatandan sonra futbolçulardan heç kim danışmaq istəmirdi. Yalnız bosniyalı kapitan Numan Kurdiç özündə cəsarət tapıb Sportinfo.az-a müsahibə verməyə razılaşdı.
- Bu oyunda komandanız heç cür özünə bənzəmədi. Nə baş vermişdi?
- Bilirəm, özüm də bu barədə düşünürəm. Oyuna yaxşı başlamışdıq, 2 dəfə 100 faizlik qol şansımız da oldu. İstifadə edə bilmədik, əvəzində rəqib standart vəziyyətlərdən istəyinə çatdı. Deyəcək başqa sözüm yoxdur.
- Rəqib künc zərbələrini yerinə yetirəndə hara baxırdınız, nəyi düşünürdünüz?
- Bilmirəm, bilmirəm. Belə olacağını gözləmirdik. Rəqib qol vururdu, biz isə bir-birimizə baxırdıq.
- Sanki “Kəpəz”in bu təzyiqinə, standart vəziyyətlər zamanı məhsuldar olacaqlarına hazır deyildiniz.
- Belə deməzdim. “Kəpəz”i yaxşı təhlil edib, lazım olan tapşırıqları almışdıq. Pis olsaydıq, əvvəldən pis olardıq. Özünüz də gördünüz ki, ilk 10-15 dəqiqədə üstün oynadıq, qol şansları yaxaladıq. Hətta buraxılan qoldan sonra bərabərlik topunu da vurduq. Sonradan nə baş verdiyini anlamadım.
- “Qəbələ”ylə kubokun cavab görüşünə necə hazırlaşacaqsınız?
- Qarşıda 4 gün vaxtımız var. Yəqin ki, məşqçilər heyəti bununla bağlı hansısa üsul tapacaq. Toparlanmalı, uğurlu nəticələrə ümid etməliyik. Turnirlərin ikisi bir-birindən fərqlənir.
HƏBİB

