“Araz-Naxçıvan”ın vurduğu qolların əksəri baxımlılığı ilə seçilir.
Və həmin qolların vurulmasında iki nəfər seçilir – Turan Manafov və Muhammed Kadiri.
Qüvvətli və dəqiq zərbələrlə cərimə meydançasının xaricindən rəqib qapısına “atəş” açan Manafovla Kadirinin qolları hər ay Peşəkar Futbol Liqasının ən yaxşı qol seçimində “5-lik”də yer alır.
Qanalı yarımmüdafiəçi cari mövsümdə “Qəbələ”, “Səbail” və “Qarabağ”ın qapısına yol tapıb ki, bütün hallarda 25-30 metrdən fərqlənib. Elə vəziyyət yaranıb ki, top onda olanda rəqib qapıçılar dərindən ah çəkir.
Muhammed Sportinfo.az-a açıqlamasında baxımlı qolları barədə danışıb:
“Bu, mənim üslubumdur. Uşaq yaşlarımdan zərbələrimə görə komanda yoldaşlarından seçilmişəm. Hər zaman bunun üzərində çalışırdım və hiss edirdim ki, yaxşı alınır.
Rusiya Premyer Liqasında oynayanda bir neçə belə qol vurmuşam. Ukraynaya gedəndən sonra mərkəz müdafiəçisi kimi çıxış edirdim deyə, zərbə vurmaq şansım çox olmurdu.
“Araz-Naxçıvan”a gələndə baş məşqçimizlə söhbətdə belə bir keyfiyyətimin olduğunu bildirdim.
O da mənə imkan düşdükcə uzaqdan zərbə vurmağı tapşırdı. Azərbaycan Premyer Liqasında artıq 3 belə qolum var. Fürsət yaxalasam, sayı mütləq artıracağam”.
Kadiri Rusiya Premyer Liqasında “Arsenal Tula”nın heyətində meydana çıxdığı 40 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ukraynanın yüksək dəstəsində Kiyev “Dinamo”su (16 matç) ilə “Çernomorets”də (13 oyun) çıxış edib. Lakin bu komandaların heç birində rəqib qapılarına yol tapa bilməyib.
HƏBİB

