Çərşənbə günü “Dalğa Arena”da “Qəbələ”ylə “Araz-Naxçıvan” arasında baş tutan oyunda qonaqlar daha bir futbolçunun itkisinə üzüldü.
Azərbaycan millisinin də şərəfini qoruyan Emil Səfərov 58-ci dəqiqədə zədələnərək yerini Gilad Abramova verdi.
21 yaşlı futbolçunun meydanı xərəkdə tərk etməsindən və uzun müddət həkimlərin müdaxiləsinə ehtiyac duymasından vəziyyətin ağır olduğunu düşünmək olardı. Amma yox.
Oyun başa çatandan sonra Emil dəhlizdə rahat şəkildə var-gəl edir, rəqib komandanın heyətindəki həmyaşıdları ilə deyib-gülürdü.
“Araz-Naxçıvan”ın müdafiəçisi Abdulla Rzayev Səfərovdan durumunu soruşanda, maraqlı cavab gəldi:
“Şükür, salamatçılıqdır. Çiynimdən zədə almışdım.
Artıq öyrəncəliyəm. Onsuz da, tez-tez çıxır, salırlar yerinə. Görək də”.
Mətbuat konfransını başa çatandan sonra bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevdən futbolçusu barədə maraqlananda, oxşar cavab eşitdim. O da zədənin ciddi olmadığını deyib, Emilin buna alışdığını bildirdi.
Emil Səfərov cari mövsümdə Premyer Liqada 14 (1 qol), ölkə kubokunda 2 matçda şans qazanıb.
“Qəbələ” 21-ci turda doğma meydanda “Zirə”ni qəbul edəcək. Fevralın 4-də baş tutacaq oyun saat 17:30-da start götürəcək.
HƏBİB

