“Araz-Naxçıvan” ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşünü heç-heçə (1:1) başa vurdu.
“Qəbələ” ilə “Dalğa Arena”da keçirilən görüşdə bölgə təmsilçisi hesabı açsa da, naxçıvanlılar bərabərlik qolunu vurmağı bacardı.
“Araz”ın qanalı yarımmüdafiəçisi Muhammed Kadiri bu haqda Sportinfo.az-a müsahibə verib.
- Özünü necə hiss edirsən?
- Çox-çox yorğunam, yalnız bunu deyə bilərəm.
- Oyun yordu, yoxsa şəxsi problemlərin var?
- Xeyr, sırf futbolla bağlıdır. Üç gündənbir oynamaq həqiqətən ciddi çətinlik yaradır. Bazar günü oynamışdıq, bu gün (çərşənbə axşamı) meydana çıxdıq, bazar ertəsi də “Kəpəz”lə qarşılaşmalıyıq. Son 2 matçın hərəsində 90 dəqiqə meydanda olmuşam. Məşq, oyun, məşq, oyun, istər-istəməz yoruluruq.
- Avropanın aparıcı futbol ölkələrində ilboyu bu qrafikdə oynayırlar. Onlar da futbolçudur, siz də...
- İnanın, onlar da yorulurlar. Bir həftə ərzində 270 dəqiqə oynayan futbolçudan halını soruşsanız, o da yorulduğunu deyəcək. Digər tərəfdən, onlar bu rejimə öyrəşib. Biz isə ildə ən yaxşı halda 2-3 dəfə belə qrafikə düşürük. Səmimi danışaq, böyük klublarda yaradılan şərait bizdəki ilə eyni deyil axı. Bizdə də elə şərait olsa və ilboyu sıx qrafikdə oynasaq, onlar kimi uyğunlaşarıq.
- “Qəbələ”ylə görüşdəki 1:1-i cavab qarşılaşması öncəsi qənaətbəxş hesab etmək olar?
- Sözsüz, qələbə qazanmağımız yaxşı olardı. Bunun üçün yaxşı şanslarımız da var idi, istifadə edə bilmədik. Amma ümumi götürsək, vəziyyət normaldır. Səfər qolunun önəm daşımadığını nəzərə alsaq, cavab oyununda sıfırdan başlayacağıq.
- 1:1 yaxşıdır demək istəyirsən?
- Uduza da bilərdik. Uduzmaqdansa, heç-heçə yaxşıdır.
- Cavab matçına qədər də Qəbələyə səfər edəcəksiniz. Bu dəfə “Kəpəz”lə duelə yollanacaqsınız.
- “Kəpəz”lə oyunlar bütün komandalar üçün çətin olur. Özünüz də görürsünüz ki, mübariz kollektivdir və sona qədər döyüşürlər. Çətin rəqibdir, hər iki komandaya mütləq qələbə lazımdır. Daha az səhv edən istəyinə çatacaq.
HƏBİB

