«Vurulmaq» sırası artıq «Araz-Naxçıvan»dadır.
Tapşırığın hansı səviyyədə verilməsini demək hələlik çətindir.
Amma Əliyar Ağayev də bu prosesin yedəyində getməyə razılaşıbsa … Deməli, məsələ kifayət qədər ciddidir.
Ağayev uzun illərdir Azərbaycanın ən güclü hakimi sayılır. Çempionlar Liqasında «Mançester Siti» kimi dünyanın ən yaxşı klubunun oyununu idarə etmiş biridir.
Döşünün üstündə «FİFA referisi» emblemini gəzdirən Əliyar Ağayevin «Sumqayıt»la qarşılaşmada «Araz-Naxçıvan»ın haqqına girməsini görmək məni üzdü.
Çox pis oldum.
Söhbətimin canı 32-ci dəqiqədə baş verən hadisədədir.
«Sumqayıt»ın hücumçusu Kamran Əliyevin açıq ayaqla rəqibə zərbə endirməsindən sonra əmin idim ki, o, əlini birbaşa arxa cibinə atacaq.
Burada VAR-a baxmaq artıq idi, gəl ki, referi qaça-qaça kameraya yaxınlaşdı, orada bir qədər dayandı, «sarı»yla geri qayıtdı.
Şokdayam, şokda! Əgər «Turan Tovuz»un müdafiəçisi Faiq Hacıyevin «Kəpəz»lə derbidə etdiyi hərəkət «qırmızı»lıqdırsa, bu epizoda Kamran Əliyevə azı iki eynirəngli kart düşür.
Əliyar Ağayev belə açıq fraqmentə «sarı»nın gözüylə baxdısa, qərəzkardır. Day mənim ona başqa sözüm yoxdur, ayağı ola-ola başqa bədən üzvünə daş dəyməsin!
Azər Bağırovun daşı yaman ağırdır. Adamı rəsmən «sındırırlar». Kimin başına düşübsə, elə hey incidir onu.
«Araz-Naxçıvan» Əliyar Ağayevdən şikayət etməlidir. Gözüm aydın, FİFA referisidir. Cəzasını almalıdır.
ELNUR

