“Araz-Naxçıvan” haqda ən son məlumatlara sahib olmaq istəyənlər təbii ki, klubun sosial şəbəkə hesablarına daxil olur.
Elə biz də hansısa faktı dəqiqələşdirmək üçün Muxtar Respublika təmsilçisinin “feysbuk” səhifəsini axtarışa verdik.
Qarşımıza iki səhifə çıxdı – “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu və “Araz-Naxçıvan” PFK. Hər ikisi klubun loqosu və kollektivin birlikdə çəkdirdiyi üz qabığı şəkli ilə.
Hesabların birinin məlumat bölməsində “Araz-Naxçıvan” PFK – Rəsmi Facebook Səhifəsi”, digərində “Araz-Naxçıvan” PFK-yə dəstək olaq, hər kəsə tanıdaq” sözləri yazılıb. Qısası, hər ikisi rəsmi səhifə təsiri bağışlayır.
Bəs, “Araz-Naxçıvan”ın sosial şəbəkə hesabı hansıdır?
Müəmmaya aydınlıq gətirmək üçün klubun mətbuat katibi Mahal Məmmədovla əlaqə saxladıq.
“Qırmızı-ağlar”ın sözçüsü qeyri-rəsmi səhifənin rəsmi səhifə kimi təqdim olunması ilə bağlı tədbir görəcəklərini bildirdi:
“Klubun “feysbuk” hesabı “Araz-Naxçıvan” Peşəkar Futbol Klubudur. Yəqin ki, hansısa həvəskar azarkeş belə bir səhifə açıb.
Bununla bağlı adminə yazarıq ki, məlumat bölməsindəki “rəsmi” sözünü silsin. Alınmasa, platforma nəzarətçilərinə şikayət edəcəyik”.
HƏBİB / SPORTİNFO.AZ

