“Bilmirəm, bəlkə də kimlərsə indiki vəziyyətdən razı deyil.
Amma mənə görə çempionatın debütantı olaraq yaxşı təsir bağışlamışıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın kapitanı Numan Kurdiç komandasının Premyer Liqanın ilk yarısındakı çıxışını dəyərləndirərkən deyib:
Muxtar Respublika təmsilçisi uzun fasilədən sonra elitaya qayıdanda, əksəriyyət komandanın sonuncu olmamaq üçün mübarizə aparacağını təxmin edirdi.
Lakin ehtimallar özünü doğrultmadı. “Qırmızı-ağlar” “Qarabağ”, “Neftçi”, “Zirə”, “Sabah” kimi iddialı rəqiblərini məğlub etməklə avrokuboklara vəsiqə qazanmaq gücündə olduğunu göstərdi.
24 yaşlı bosniyalı müdafiəçinin fikrincə, “Araz-Naxçıvan” ictimaiyyətin hörmətini qazanıb. Və çempionatın sonuna qədər təslim olmaq fikrində deyil:
“Hazırda iddialı komandalardan hesab olunuruq, rəqiblər bizə hörmətlə yanaşır. İkinci sıradakı rəqiblə aramızda 3 xal fərq var.
Bu isə ciddi rəqəm deyil. Görünən odur ki, 4-5 komanda arasında gərgin mübarizə gedir və onlardan biri bizik. Deməli, sona qədər döyüşmək olar.
“Qarabağ” başqa səviyyədir, onlarla ayaqlaşmaq çox çətindir. Lakin digər komandaların səviyyəsi aşağı-yuxarı bir-birinə yaxındır”.
“Araz-Naxçıvan” 18 turdan sonra 26 xal toplamaqla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Bu komandanı 2-ci sıradakı “Zirə”dən 3, lider “Qarabağ”dan 15 xal ayırır.
HƏBİB

