“O an şokda idim, heç nə düşünmürdüm” – Dəhşətli hadisə kapitanın gözündə

27 Dekabr 2023 16:40 Araz-Naxçıvan 940
“O an şokda idim, heç nə düşünmürdüm” – Dəhşətli hadisə kapitanın gözündə

“Turan Tovuz”la “Araz-Naxçıvan” matçının 81-ci dəqiqəsində işıq dirəyinin meydana aşmasına görə oyun yarımçıq dayandırıldı və davamı bir gün sonra oynanıldı.

Hadisə yaşanan gün və ertəsi hər iki komandanın heyətindəki legionerlərin üzgünlüyünü görməyə dəyərdi.

2023-ün sonuncu oyunu idi deyə, hamı vətəninə, ailəsinin yanına tələsirdi.

Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matç haqda naxçıvanlıların bosniyalı kapitanı Numan Kurdiç Sportinfo.az-a müsahibə verib.

- İstirahət ərəfəsində özünü necə hiss edirsən?

- Bu cür yenilgidən sonra əhvalım heç də yaxşı deyil. İkinci oyun günündə qol vurmaq istəyirdik ki, heç olmasa 1 xal qazanacaq. Lakin öz qapımızda top gördük. Məğlubiyyət təbii ki, əhval-ruhiyyəyə pis təsir edir.

-Məlum hadisə yaşanan gün – işıq dirəyinin aşması – gecəni necə yatdın?

- Başqa futbolçuların adından danışa bilmərəm. Şəxsən rahat yatdım. Geridə qalan 9 dəqiqəni başa vurmaq üçün istirahətə ehtiyacımız var idi. Əlbəttə, evə vaxtında gedə bilmədiyimizə görə narahatlıq yaşadıq, kefimiz pozuldu. Amma edə biləcəyimiz bir şey yox idi.

- Dirəyin aşma anını gördün?

- Əlbəttə. Dirəyin yerindən tərpənməsi, qırılması və yerə çırpılması 3-4 saniyə çəkdi deyə, yerə yıxıldığını gördüm.

- Həmin an hansısa futbolçunun dəmir konstruksiyanın altında qaldığını düşündün?

- O an şokda idim, heç nə düşünmürdüm. Öncə qırılan dirəyi gördüm, daha sonra digər dirəklərə baxdım ki, birdən onlar da aşar. Hakim fitini səsləndirəndə hamı paltardəyişmə otağına tələsdi. Açığı, oyunun qalan hissəsinin gələn il davam etdiriləcəyini düşünürdüm. Çünki hamımızın təyyarə bileti var idi. Yekunda bu cür qərar verildi. Biz də buradan maaş alırıq deyə, qərara hörmətlə yanaşmalıydıq.

- Tovuzda yaşanan hadisədən sonra ailə üzvlərin, yaxınların nə dərəcədə narahatlıq keçirdi?

- Eşidib-bilənlər bir-bir zəng vurub maraqlanırdı. Tək mənim yox, digər futbolçuların doğmaları da narahatlıq keçirmişdi. Xoşbəxtlik onda oldu ki, həmin an künc bayrağının yaxınlığında heç kim yox idi. Dəhşət idi.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti