Bəyəm, bu şəxslər kluba qonşunun pulunu xərcləyirlər? - Yersiz brilyant söhbəti

26 Dekabr 2023 15:00 Araz-Naxçıvan 855
Bəyəm, bu şəxslər kluba qonşunun pulunu xərcləyirlər? - Yersiz brilyant söhbəti

Səkkiz ildən sonra Premyer Liqaya geri dönən, mövsümə fırtına kimi başlayan, ikinci dövrədə enişə keçən «Araz-Naxçıvan» 2024-cü ili turnir cədvəlinin altıncı pilləsində başa vurdu.

İlin son hesabat həftəsində Tovuzdan məğlub döndülər.

Güclü külək və işıq dirəyinin aşması ilə nəticələnən məlum olay səbəbindən 2 gün ərzində keçirilən oyundan sonra Azər Bağırov 1:3 hesablı məğlubiyyət haqda çox danışmaq istəmədi.

Qısaca bir neçə səbəb gətirdi, Ehtiram Quliyevə qarşı başlayan kampaniyanın üzərində dayandı.

Ondan sitatı xatırlayaq:

«Ehtiram müəllim Tovuz üçün bir brilyantdır. Dirəyin aşması, yağışın yağması Ehtiram Quliyevin günahı deyil.

Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Nöqsan Ehtiram məüllimdə deyil.

Bu gün o kişinin etdiyini Azərbaycan futbolunda son 10 ildə heç kim etməyib. Təşəkkür etmək lazımdır. Adam öz pulunu futbola xərcləyir».

Düzü, gözləyirdim ki, bu açıqlamadan sonra «Araz-Naxçıvan» rəhbərliyi hərəkətə keçəcək, baş məşqçidən yersiz reaksiyasına görə hesabat tələb edəcək.

Ən azı onu soruşacaq ki, «Turan Tovuz»un İdarə Heyətinin sədrinin fəaliyyətindən sənə nə, otur oturduğun yerdə.

Bağırov vaxtilə Tovuzda çalışıb, 6 ay «Turan»ın sükanı arxasında əyləşib. Sonra nə oldu, nə olmadı, buradan getdi «Qəbələ»yə.

Bu əyalət klubunda da çox qalmadı, Elmar Baxşıyevin köməkçisi postunda cəmi altı ay duruş gətirdi.

Uzun illərdir «Pro» lisenziyasını toz basmış Bağırova Premyer Liqada təkbaşına çalışmaq imkanı yaradan ilk klub «Araz-Naxçıvan»dır.

Muxtar Respublika təmsilçisi də onu iddiası ilə bəribaşdan tanış edib - Konfrans Liqasına vəsiqə qazanmalısan.

Dilləri var, dilçəkləri də var: komandaya yetərincə böyük miqdarda büdcə ayrılıb. 12 legioner alıblar. Bu əcnəbilərdən təkcə birinin aylıq əməkhaqqısı 20 min dollardır.

«Qarabağ», «Neftçi» və «Sabah»dan savayı, Premyer Liqanın heç bir iştirakçısı gəlmə oyunçuya bu qədər məvacib ödəmir.

Odur ki, Bağırovun Ehtiram Quliyevi nəzərdə tutaraq, «adam öz pulunu futbola xərcləyir» söyləməyə mənəvi haqqı çatmır. Bəyəm. «Araz-Naxçıvan»ı himayəsinə götürən şəxs(lər) kluba qonşunun pulunu xərcləyir?

Bəlkə futbola səpdikləri konfet kağızıdır? O(nlar) da öz biznes(lər)indən qazandığı vəsaiti futbola sərf edir.

Bu prizmadan çıxış eləsək, «bu gün o kişinin etdiyini Azərbaycan futbolunda son 10 ildə heç kim etməyib» demək də Azər bəyin növbəti yanlışıdır.

Get, işinlə məşğul ol da, özünə düşən söhbəti elə də, bu mövzulara niyə girirsən axı! Sonra da deyirlər ki, «Araz-Naxçıvan»ın başbilənləri çətin adamlardır, baş məşqçini daim təzyiq altında saxlayırlar.

Bağırov özünə düşməyən söhbətlərə baş vurandan sonra onlar day nə etməlidirlər ki? Bilirlər kəramətini, ona görə də onunla sərt davranırlar.

Beləsinin başının üstündə gərək «Domokl qılıncı» olsun. Sənə başqa klubun rəhbərindən sual verirlər, de ki, mənə aid məsələ deyil, istiqaməti dəyiş.

Gör, heç Qurban Qurbanov, Rəşad Sadıqov, Ayxan Abbasov və başqaları belə mövzulara girişir? Birindən belə, yaxud bunabənzər açıqlama eşitmisən indiyə kimi?

Azər Bağırovun timsalında görürük ki, Premyer Liqada çalışmaq olar. Amma uzağa getmək…

Bunun üçün bir az uzaqgörən olmaq, bir az da təcrübə toplamaq lazımdır.

Ümid edirəm ki, «Araz-Naxçıvan» rəhbərliyi Tovuzdakı yanlış söylədiklərina görə Azər Bağırovu vəzifədən almaz.

Düzdür, o, «qırmızı xətt»i keçdi bu dəfə, amma buna kimi də komandanın üzərində əziyyəti var. Bağışlasınlar onu. Bir daha belə xətaya yol verməməsi şərtiylə.

Gəncdir, hələ çox şeyi bilmir, danışmağı öyrənər yəqin.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti