“Neftçi”dən ayrılan Samir Abasovun işsiz günləri qısa sürə bilərdi.
Lakin sövdələşmə baş tutmadı.
Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan”ın qeyri-rəsmi ağası Zaur Axundov Abasovu görəvə gətirmək istəyib.
Danışıqlar çox çəkməyib. 47 yaşlı mütəxəssis qarşı tərəfin təklifinə “yox” cavabını verib.
Geriçevirmə qərarının səbəblərindən biri Abasovun bir müddət istirahət etmək istəyidir. “Neftçi”dəki 1 il 2 ayda kifayət qədər enerji və əsəb itirən çalışdırıcı kölgəyə çəkilməyi məsləhət bilib.
İşin digəri tərəfi, daha doğrusu, qərarın başlıca səbəbi Samir bəyin “Neftçi”ylə davam edən təzminat davasıdır.
“Neftçi” rəhbərliyi gələn ilin iyun ayına qədər nəzərdə tutulan maaşı vermək istəmir. İstəkləri noyabr və dekabr aylarının məvaciblərini ödəməklə əl sıxmaqdır.
Ümid edirlər ki, Abasov hansısa klubla anlaşacaq və “Neftçi”nin ona ödəməli olduğu təzminat batacaq. Çünki müqaviləyə qarşılıqlı razılıq əsasında yox, birtərəfli qaydada xitam verilib.
Bu, o deməkdir ki, sumqayıtlı mütəxəssis başqa klubla razılaşacağı halda, “Neftçi”ylə sözləşməsi ikitərəfli qaydada pozulacaq.
Odur ki, Samir Abasov keçmiş iş yerindən pulunu qəpiyinə almayana qədər heç bir klubda işləməyəcək. Ya da gərək, yeni klubu ona “Neftçi”dən almalı olduğu təzminatı ödəsin ki, söhbət bağlansın.
Adrian Mutu, Roman Qriqorçuk necə, o da elə.
HƏBİB / SPORTİNFO.AZ

