Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" oyunu Azərbaycan təmsilçisinin avrokuboklarda Niderland komandalarına qarşı altıncı matçı olacaq.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv indiyədək bu ölkənin kollektivləri ilə beş dəfə üz-üzə gəlib.
İlk belə qarşılaşma 2009-cu ilə təsadüf edib. "Köhlən atlar" UEFA Avropa Liqasının pley-offunda "Tvente"yə rəqib olub. Səfərdə 1:3 hesabı ilə uduzan "Qarabağ" Bakıda qolsuz heç-heçə ilə kifayətlənib.
Bu komandalar 2014-cü ildə də eyni turnirin pley-offunda münasibətlərə aydınlıq gətiriblər. Bu dəfə sevinən Azərbaycan klubu olub.
Bakıdakı görüşdə hesab açılmayıb. Niderlanddakı oyunda 1:1 hesabı qeydə alındığından ağdamlılar səfər qolu sayəsində qrup mərhələsinə vəsiqə qazanıb.
"Qarabağ" ötən mövsümdə isə "Ayaks"la qarşılaşıb. UEFA Avropa Liqasının əsas mərhələsinin Bakıda baş tutan matçında qonaqlar 3 cavabsız qolla qalib gəlib.
Bundan əlavə, "Qəbələ"nin U-19 komandası Niderlandın AZ (Alkmar) klubunun müvafiq yaş qrupundan ibarət kollektivi ilə UEFA Gənclər Liqasında üz-üzə gəlib. 2021-ci ilə təsadüf edən matçların hər ikisində rəqib böyükhesablı qalibiyyət əldə edib - 4:0, 7:0.
"Qarabağ" - "Ayaks" qarşılaşması bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

