Hazırda “İmişli”nin kapitan sarğısını daşıyan Azər Salahlı “Neftçi”ylə oyunlara əzmlə çıxır.
İstər ilk oyundakı heç-heçədən, istərsə də ikinci dövrədə “İmişli”nin “Neftçi” üzərində qazandığı qələbədən sonra Salahlının verdiyi açıqlamalar keçmiş komandasından incik düşdüyünü açıq-aşkar göstərirdi.
Əslində, Azər karyerasını ağ-qara formada davam etdirə bilərmiş. Amma...
31 yaşlı müdafiəçinin klubla bağladığı müqavilədə “+1” bəndi var imiş.

Əlavə 1 illik müqavilənin işə düşməsi üçünsə solaxay oyunçunun ötən mövsüm “Neftçi”də daha 45 dəqiqə meydanda olması gərəkirmiş. Yəni cəmi bir hissə şans qazansaydı, bu gün də “Neftçi”nin sıralarında olacaqdı.
Lakin keçmiş baş məşqçi Samir Abasov ona bu imkanı yaratmadı. Yekunda sözləşmə 2025-ci ilin iyununda başa çatdı və o, “İmişli”nin yolunu tutdu.
Azər Salahlı 2022-ci ilin yanvarından 2025-ci ilin yayına qədər “Neftçi”nin heyətində meydana çıxdığı 102 qarşılaşmada 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

