Azərbaycan futbolunda qapıçı mövqeyində modern yanaşmaya ehtiyac artdıqca, yeni nəsil qolkiperlər ön plana çıxmağa başlayıb.
Bu dəyişimin içində özünü sakit, lakin ardıcıl şəkildə inkişaf etdirərək göstərən gənclərdən biri də Sadiq Məmmədzadədir.
1.88 metr boya malik qapıçı bu mövsüm göstərdiyi oyun intizamı, psixoloji dayanıqlılığı və müdafiəçilərə verdiyi güvənlə ciddi diqqət çəkir.
“Səbail”dən “Qarabağ”a - Yüksək rəqabətin sərt reallığı
Sadiqin karyerasında önəmli dönüş nöqtəsi onun 2 il öncə “Səbail”dən “Qarabağ”a transferi oldu. “Qarabağ”ın qapıçı xətti Azərbaycan futbolunda ən güclülərdən hesab olunur. Burada Fabian Buntiç, Mateuş Koxalski və Şahruddin Məhəmmədəliyev kimi yüksək səviyyəli qapıçılarla rəqabət aparmaq asan deyildi. Bu səbəbdən Sadiq az şans qazandı, lakin həmin mərhələ onun üçün oyunun tempini anlamaq, peşəkar mühitdə böyümək və yüksək səviyyəli qapıçı məktəbinə daxil olmaq baxımından çox önəmli oldu.
Daimi oyun ritmi və özünü göstərmək üçün ideal seçim
Real oyun təcrübəsi qazanmaq və formaya yaxın olmaq üçün Sadiq bu mövsüm “Difai”dən gələn təklifi qəbul etdi və 1 illik icarə əsasında komandaya qoşuldu. Bu qərar həm özü, həm də klub üçün tam doğru addım oldu. Sadiq I Liqanın bütün oyunlarında çıxış edir, 90 dəqiqəlik sabit performans göstərir, müdafiəçilərə güvən verir və oyuna balans qatır. O, komandasının qazandığı xallarda mühüm pay sahibidir Gənc qapıçının bu sabitliyi onun inkişaf xəttinin düzgün istiqamətdə getdiyini təsdiqləyir.
Serbiya mərhələsi - Qısa olsa da, qiymətli
2025-ci ilin fevralında Sadiq Serbiyanın Zlatibor şəhərində Super Liqa təmsilçisi “IMT Belgrade” klubunda baxışdan keçib. Serbiya qapıçı hazırlığında tanınan bir ölkə olduğu üçün bu təcrübə onun üçün dəyərli mərhələ idi. Klub ayaqla oyun bacarığını, təzyiq altında oyuna qoşulmasını, çıxışlardakı qərarlarını və reflekslərini müsbət qiymətləndirərək, ona ilkin olaraq qısamüddətli - yay ayları üçün, daha sonra isə birillik müqavilə təklif etmişdi. Müxtəlif səbəblərə görə təklif qəbul olunmadı, lakin bu proses Sadiqin xarici mühitdə də potensialı olan qapıçı kimi dəyərləndirildiyini açıq şəkildə göstərdi.
Milli təcrübəsi və U-21 perspektivi
Sadiq Məmmədzadə daha əvvəl U-17 və U-19 yığmalarının heyətində çıxış edib. Ötən il klublarında daimi forma şansı tapa bilmədiyi üçün milli komandaya dəvət olunmamışdı. Lakin bu mövsüm “Difai”də göstərdiyi sabit performansından sonra onun adının yenidən müzakirələrə qayıtması tamamilə realdır. Millinin məşqçilərinin uzun müddətdir vurğuladığı əsas prinsip belədir: “Mütəmadi oynayın, rəqabətli liqada forma qazanın ki, sizi komandaya çağırmaq üçün əsas olsun”. Sadiqin hazırkı durumu, hər matçda əsas heyətdə çıxış etməsi onu U-21 üçün ciddi namizədlərdən birinə çevirir.
Nəticə
Sadiq Məmmədzadə Azərbaycan futbolunda yeni nəsil qapıçı tərzinin ən səssiz, amma ən sabit nümunələrindən biridir. “Qarabağ” kimi yüksək səviyyəli klubun üzvü olması, Ə Liqada “Difai”də daimi oyun praktikası qazanması və milli perspektivinin güclənməsi onun karyerasının doğru istiqamətdə inkişaf etdiyini göstərir. Bu yüksəliş davam edərsə, yaxın illərdə həm Premyer Liqada, həm də U-21 millisinə Sadiqin adını daha çox eşidəcəyik.
Bu mövsüm göstərdiyi performansla bağlı görüntüləri isə aşağıdakı videodan izləyə bilərsiz:
SPORTİNFO.AZ

