Ermənistana və İrana işləyən agentlər

22 May 2023 08:50 Araşdırma 680
Ermənistana və İrana işləyən agentlər

Azərbaycan xalqı İkinci Qarabağ savaşında nə qədər vətənsevər olduğunu bir daha nümayiş etdirdi.

Bir daha dünyaya nümayiş etdirdik ki, vətən, dövlət bizim üçün ən müqəddəs varlıqdır.

Ancaq təəssüflər olsun ki, bütün dünya xalqlarında olduğu kimi, bizdə də azərbaycanlı adını daşıyanlar arasında az da olsa vətənə xəyanət edənlər var.

Zaman-zaman xarici dövlətlərə, xüsusilə Ermənistana və İrana agentlik edən şəxslər gec-tez ifşa ediliblər. Son illərdə hüquq-mühafizə, xüsusi dövlət, kəşfiyyat orqanları bu məsələdə daha diqqətlidir.

Təəssüflə qeyd etməliyik ki, rəsmi düşmən Ermənistanla yanaşı, son illərdə İran da öz düşmənçilik xislətini ortaya qoyub, bunu gizlətmir və casuslar vasitəsilə ölkəmizdə təxribatlar törətmək missiyasını gücləndirib.

Avtomatik olaraq bu agentur şəbəkəyə qarşı Azərbaycan da sərt tədbirlər görməkdədir.

Son iki gündə Ermənistana və İrana casusluq edən qruplar ifşa olunublar.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayaraq bildirib ki, İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının Respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə “Kərimə” dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar...

Əməliyyat zamanı “Qısas 313" adlı qrupun 7 nəfər üzvü Elgün Ağayev, Ruslan Əliyev, Yusif Mirzəyev, Elvin Cəfərov, Savalan Hüseynli, Bilal Sücəddinli, Məhərrəməli Musayev, eləcə də qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər.

Qrup üzvləri Rufulla Axundzadənin göstərişi ilə respublika ərazisində “Kərimə” dövlətinin qurulması, müxtəlif pozuculuq, kütləvi iğtişaşlar, sui-qəsdlər və bu kimi qanunsuz fəaliyyətlə məşğul olacaqlarına, sosial şəbəkələrdə radikal dini paylaşımlara müsbət reaksiya göstərən digər şəxsləri də üzv olduqları “müqavimətçi dəstə”yə əlavə edəcəklərinə və bu kimi çirkin əməllərinə müqəddəs Qurani-Kərimi də alət edərək ona and içiblər...

R.Axundzadə həmçinin dəstə üzvlərini dini təhsil almaq adı ilə İrana aparmaqla hərbi təlimlərə və qanunsuz silahlı-ekstremist təşkilatlara cəlb etməyi planlaşdırıb.

Dəstə üzvləri eyni zamanda xaricdən onlara göndərilən pul vəsaitlərini Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Bu fakt təsdiqləyir ki, İran Azərbaycana qarşı məkrli planlarından daşınmır və agentlərini hərəkətə keçirib...

Azərbaycan Qarabağı azad etdikdən sonra belə xəbərdarlıqlar edilirdi ki, qarşıdakı müddətdə ermənilər ən müxtəlif təxribat planlarına baş vuracaqlar. Onların bu yöndə daha bir təxribat planı və icrasına cəlb etdikləri agentlər ifşa olunub.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində üçüncü ölkə ərazisində məskunlaşaraq Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Müəyyən edilib ki, Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla adıçəkilən ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirib.

Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlayıb.

Rəşad Əhmədov Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında İrəvan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritənin etnik separatizm məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil edib.

Bundan başqa, Rəşad Əhmədov Azərbaycan Respublikası vətəndaşlarının guya etnik və dini zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilmiş digər tapşırıqları da icra edib.

Əhmədov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.

Faktiki olaraq Ermənistan və onu özünə qardaş elan edən İran Azərbaycanda sabitliyi pozmaq üçün iki cəbhədən və bir növ əlbir çalışırlar.

Cənubi Qafqazda faktiki olaraq bu iki ölkə sabitliyin pozulması üçün var gücü ilə çalışır. Bəzi vətəndaşların onların toruna düşməməsi üçün biz nələri etməliyik, hansı profilaktik tədbirlər görməliyik? Bu proses nə zamanadək davam edəcək? Xüsusilə İran niyə dayanmır? Tehran nəyə nail olmaq istəyir?

Deputat Bəhruz Məhərrəmov bütün bunları gözlənilən sayır: “İran və Ermənistanın Azərbaycana münasibəti bizim üçün yenilik olmamalıdır. Xüsusən 44 günlük müharibədəki qələbəmizdən sonra Azərbaycana qarşı proksi müharibələr gözlənilən idi. Ehtimal da edildiyi kimi bu planın hərəkətverici amili Azərbaycanda formalaşdırılmış casus şəbəkəsi seçildi.

Bəhruz Məhərrəmov: İran terror dövlətidir

Bəhruz Məhərrəmov: “İran casus şəbəkəsi elə peşəkarlıqla çökdürülməkdədir ki...”

Aydındır ki, Ermənistandan fərqli olaraq İran insanların dini hisslərindən istifadə edərək, dini təhsil və ziyarətlər adı altında, habelə narkotik vasitələrdən istifadə etməklə müəyyən sayda tərəfdar toplayaraq casus şəbəkəsi formalaşdıra bilib. Lakin İranla münasibətlərimizdə gərginlik yarandıqdan sonra DİN və DTX tərəfindən ardıcıl formada həyata keçirilən əməliyyatlar və bu şəbəkənin təmkinlə və tədricən çökdürülməsi başqa bir reallığı meydana çıxardı. Aydın oldu ki, Azərbaycan yalnız qərb sərhədləri boyu yox, bütövlükdə regionda əməliyyat şəraitinə nəzarət edir. Yəni əslində bütün dövrlərdə, xüsusən müharibədən sonra Azərbaycan milli təhlükəsizliyə təhdid törədə biləcək bütün nüansları doğru hesablamış, dövlət təhlükəsizliyi, ictimai qayda və asayiş nəinki peşəkar şəkildə qorunmuş, üstəlik biz bütün təhdidlərdən bir neçə addım öndə dayanmağı bacarmışıq. Yəni cənab İlham Əliyevin düzgün idarəçilik metodu, yumşaq güc və hücum siyasətləri doktrinaları praktikada özünü gözləniləndən daha artıq doğrultdu. İran casus şəbəkəsi elə peşəkarlıqla çökdürülməkdədir ki, hətta Tehran özü sonrakı addımları planlamaqda aciz qalaraq səfirliyimizə hücum, Fazil Mustafaya sui-qəsd kimi uğursuz terror aktlarına əl atmalı olur. Amma son nəticədə hərbi-siyasi müstəvidə olduğu kimi İran cənab Əliyevin qarşısında casus-proksi savaşında da məğlubiyyətə məhkumdur.

O ki qaldı Ermənistana, əlbəttə, 11 mindən çox fərarisi olan bir cəmiyyətin Azərbaycanda hansısa böyük casus şəbəkəsi formalaşdırması mümkün deyil. Tək-tək misallar, şərəfini, namusunu satan ləyaqətsiz insanlar hər bir cəmiyyətdə var, Azərbaycan da təbii ki, xali deyil. Lakin Azərbaycan güc strukturlarının peşəkarlığı qarşısında bütün hallarda belə cəhdlər maksimum hazırlıq mərhələsinə qədər inkişaf edə bilər. Bildiyiniz kimi, bu dəfə Ermənistan milli azlıq kartından istifadə etməyə cəhd etdi, amma anlamırlar ki, 2020-ci ildə qabağından qaçdıqları Müzəffər Ordu elə həmin milli kimliklərdən təşkil olunmuşdu və talışı, ləzgisi, yəhudisi, tatı ən azından Azərbaycan türkü qədər bu Vətən uğrunda ölməyə və öldürməyə hazırdır. 44 günlük savaşı VƏTƏN müharibəsi edən də məhz bu amil oldu".

Deputat hər şeydən rahatdır: “Hər bir vətəndaş əmin ola, rahat ola bilər ki, nə erməni, nə də İran kəşfiyyatının Azərbaycanda nail ola biləcəyi həlledici məqam yoxdur. Azərbaycan ən güclü dövrünü yaşayır, güc strukturları və xüsusi xidmət orqanlarımız peşəkardır, xalq isə Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin və cənab İlham Əliyevin ətrafında hər zaman olduğundan daha sıx birləşib”.

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu: “Rusiya, İran və Ermənistanın xəfiyyələrinə qarşı mübarizə tam gücü ilə davam etməlidir və...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu 3 ölkənin agentlərinə qarşı sərt mübarizənin durmadan gücləndirilməsini hər zaman üçün vacib sayır: “Azərbaycan müstəqilliyini qazandıqdan bu yana müxtəlif dövlətlərin kəşfiyyat strukturlarının ölkəmizə marağı artıb. Bu Azərbaycanın bölgədə oynadığı və artan rolu ilə bağlıdır. 3 ölkənin kəşfiyyat strukturları Azərbaycan ərazisində daha aqressiv fəaliyyət göstərməyə çalışır. Bunlar Rusiya, İran və Ermənistanın kəşfiyyat strukturlarıdır. 30 ildə Azərbaycanda həbs olunanlar məhz bu 3 ölkənin kəşfiyyat strukturlarına bağlı şəxslərdir. Təəssüf ki, Azərbaycana düşmən gözü ilə baxan ölkələrin kəşfiyyat qurumları pul müqabilində bəzi vətəndaşlarımızı xəyanət yolu tutmağa cəlb edirlər. Hadisələrin gedişatı göstərir ki, Rusiya, İran və Ermənistanın kəşfiyyat qurumları Azərbaycan ərazisində fəaliyyətlərindən əl çəkməyəcəklər. Rusiya Azərbaycan ərazisində kəşfiyyat məlumatları toplayır, İran və Ermənistan kəşfiyyatı isə tələyə saldıqları bir qrup vətəndaşımızı təxribat və terror əməllərinə sövq etməyə çalışırlar. Buna dair metroda terror partlayışını, bir neçə tanınmış siyasi və ictimai xadimimizin qətlini göstərə bilərik. Çoxsaylı təxribatların üstü qabaqcadan açılmasaydı və həbslər həyata keçirilməsəydi, bizə qarşı terrorun miqyası daha böyük olardı. Bilməliyik ki, Azərbaycanın nə zamansa İran və Ermənistanla münasibətləri normallaşsa belə, bu iki dövlət bizi zəiflətmək və daxildə təfriqə yaratmaq planlarından əl çəkməyəcək. Ona görə Rusiya, İran və Ermənistanın xəfiyyələrinə qarşı mübarizə tam gücü ilə davam etməlidir və fikrimcə, kəşfiyyat və əks-kəşfiyyat strukturlarımız bunun öhdəsindən gəlirlər”.

Digər Xəbərlər
Xəbər Lenti