Budur təriflənən “Ferentsvaroş”? – Ay, bağ belə, bostan belə...

9 Avqust 2022 20:00 Araşdırma 1 444
Budur təriflənən “Ferentsvaroş”? – Ay, bağ belə, bostan belə...

“Qarabağ” bu axşam Çempionlar Liqasının qrup mərhələsinə yaxınlaşmaq yolunda növbəti addımını atmalıdır.

Rəqib son illər Avropada kifayət qədər tanınmağı bacaran Macarıstan nəhəngi “Ferentsvaroş”dur.

Ötən çərşənbə Bakıda baş tutan ilk oyunda “köhlən atlar” qələbəyə yaxın olsa da, heyətdəki itkilər və boşa verilən qol imkanları tablodakı eyni rəqəmlərdən (1:1) birinin dəyişməsinə imkan verməmişdi.

Odur ki, cütün taleyi Budapeştdəki qarşılaşmada həll olunacaq. Deyilənə görə, “Ferenetsvaroş” doğma azarkeşləri önündə kifayət qədər inamlı təsir bağışlayır, güclü rəqiblərinə başağrısı yaratmağı bacarıb və sair.

Maraq xatirinə paytaxt təmsilçisinin son 3 ildəki – 2019-cu ildən bu yana beynəlxalq turnirlərdəki nəticələrinə göz gəzdirdik.

Görək, “ağ-yaşıllar” “Groupama Arena”da bu qədərmi keçilməzdir? Ki, həqiqətənmi sözügedən stadionda “Qarabağ”a çətin olacaq?

Bu ili nəzərə almasaq, “Ferentsvaroş” son 3 ilin hamısında mübarizəyə Çempionlar Liqasından start verib ki, bir dəfə bu turnirin, digər iki halda Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Həmin 3 ildə və cari mövsümün “Slovan”la matçını nəzərə alsaq, macarlar “Groupama Arena”da 22 qarşılaşmaya çıxıb. Aktivlərində bu sayda oyundan cəmi 9 qələbə var.

Udduqları komandalar arasında “Valetta” (Malta), “Yürgorden” (İsveç), “Suduva” (Litva), “Priştina” (Kosovo), “Jalgiris” (Litva), “Tobol” (Qazaxıstan), “Slaviya” (Praqa) kimi ortabab və zəifləri görmək mümkündür.

“Ferenetsvaroş” 22 oyundan 8-də meydanı məğlub tərk edib. Uduzduğu rəqiblərinə adlarını bilmək istəyirsiniz?

“Ludoqorets” (Bolqarıstan), “Yanq Boyz” (İsveçrə), “Slovan” (Slovakiya), “Dinamo” (Xorvatiya), “Seltik” (Şotlandiya), “Real Betis” (İspaniya), “Barselona” (İspaniya), “Yuventus” (İtaliya).

Yerdə qalan 4 heç-heçə isə “Molde” (Norveç), “Dinamo” (Ukrayna), ÇSKA (Rusiya) və “Espanyol”la görüşlərdə qeydə alınıb.

Macarıstan nəhənginin son 3 ildə gücünü əsasən hansı rəqiblər üzərində göstərdiyini gördünüz. Meydan sahiblərini doğma azarkeşləri önündə hansı komandaların udması ilə də artıq tanışsınız.

İnanır və ümid edirik ki, səfərdə daha parlaq oyun və nəticələr qazanmağa adət etmiş “Qarabağ” bu axşam macar azarkeşlərə də futbolun nə olduğunu göstərəcək.

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Budapeştdə baş tutacaq “Ferenetsvaroş” – “Qarabağ” oyunu bu axşam Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti