"Qarabağ"la "Tvente" arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.
Matç Norveçdən olan briqadaya tapşırılıb.
FIFA referisi Rohit Saqqiyə həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Marius Hansen Qrotta yerinə yetirəcək.
1992-ci il doğumlu referi 2018-ci ildən FİFA hakimi statusunu daşıyır.
O, azərbaycanlı futbolsevərlərə, Azərbaycan isə ona kifayət qədər tanışdır.
Saqqi indiyə qədər təmsilçilərimizin 3 oyununu idarə edib və bütün hallarda Bakıda fit çalıb.
2022-ci ildə Konfrans Liqasında qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatan “Neftçi” – “Rapid” qarşılaşması ona həvalə olunub.
2024-cü ildə Millətlər Liqası çərçivəsində keçirilən Azərbaycan – Slovakiya duelində də məhz bu hakim iş başında olub. Oyun slovakların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb ki, norveçli ədalət təmsilçisi 70-ci dəqiqədə Mahir Emrelini meydandan qovub.
2025-ci ilin payızında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Fransa dueli də ona tapşırılıb. Bu dəfə də qələbəyə sevinən qonaqlar olub – 3:0.
Göründüyü kimi, Saqqinin idarəçiliyə ilə keçirilən bütün oyunlarda rəqiblər qalib gələn tərəf olub.
Rohit sadəcə peşəkar hakim deyil. Həm də IT-konsaltinq şirkəti “Zebra Consulting”in baş icraçı direktoru, yəni rəhbəridir.
2024-cü ildə verdiyi müsahibədə özü hakimliklə biznes rəhbərliyi arasında çox ciddi paralellər gördüyünü deyərək, hər ikisində liderlik, komanda idarəçiliyi, qərarvermə və təzyiq altında işləməyin vacibliyini qeyd edib.
Norveç çempionatındakı bəzi derbilərdən və prinsipial qarşılaşmalardan sonra idarəçiliyi geniş müzakirələrə yol açıb.
2023-cü ildə başına gələn hadisə ölkədə təəccüb və gülüşlə qarşılanıb. Oyun başa çatandan sonra azarkeşlərdən biri onun başına su şüşəsi atıb. Hakim beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya aparılıb. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin 14 yaşlı “Stabek” azarkeşi olduğu aşkarlanıb.
Maraqlısı odur ki, Saqqi 14 yaşlı azarkeşə qarşı fərqli münasibət göstərib. Yeniyetməni özü ilə oyuna aparıb, hakim briqadasının rabitə sistemindən istifadə etməsinə imkan verib və hakimlərin oyunsonrası təhlilində iştirak etdirib.
Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” qarşılaşması saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
