Ermənistanı qarışdırmaq üçün düymə hansı ölkədən basılıb - ŞOK DETALLAR

19 May 2022 10:30 Araşdırma 566
Ermənistanı qarışdırmaq üçün düymə hansı ölkədən basılıb - ŞOK DETALLAR

“Rusiya Ermənistandakı etiraz hərəkatlarını bu ölkənin daxili işi hesab edir və müvafiq proseslərə müdaxilə etmir”.

Bunu çərşənbə axşamı jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Bakı ilə İrəvan arasında aparılan danışıqlar prosesini və Ermənistanda bu fonda baş verən etiraz aksiyalarını şərh edərkən deyib.

“Bu, Ermənistanın daxili işidir. Biz bunu bilirik və proseslərə qarışmırıq”, - deyə Rudenko bildirib.

Qeyd edək ki, bu cür açıqlama Rusiya tərəfindən ötən həftə də verilmişdi. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistandakı aksiyaları bu ölkənin daxili işləri adlandırmışdı və Rusiyanın Ermənistandakı bu proseslərə qarışmaq niyyətində olmadığını bəyan eləmişdi. Görünür, Rusiya təxminən bir həftə sonra yenidən belə bir mövqeni ortaya qoymağı zəruri hesab edib.

Xatırladaq ki, İrəvanda etiraz aksiyaları, mitinqlər və yürüşlər aprelin sonunda başlayıb. Müxalif qüvvələr hökuməti Qarabağ məsələsində erməni maraqlarını təslim etməkdə ittiham edir və onun istefasını tələb edir.

Bəs əslində necədir? Kremlin Ermənistanda Paşinyana qarşı mitinqlərdə rolu, marağı yoxdur?

Oqtay Qasımov: Ermənistan iqtisadiyyatının yarıdan çoxu Rusiyadan asılıdır  - (Gündəm) - YouTube

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistandakı daxili vəziyyətlə bağlı verilən açıqlama reallığı əks etdirmir. Bu cür bəyanatlar digər bir sıra ölkələrin daxilində gərginliklər yaşananda da çox səslənib, lakin əslində bəlli olub ki, həmin proseslərin arxasında elə Moskvanın özü dayanır. Azərbaycanda da hələ 1993-cü ildə hakimiyyətə qarşı qiyamın arxasında Rusiya dayanırdı, bundan sonrakı zamanlarda da ölkədə müəyyən siyasi gərginliklər meydana çıxanda Moskva hər dəfə bəyan edirdi ki, bu məsələlər Azərbaycanın daxili işidir, Rusiyanın qarışmaq niyyəti yoxdur: “Digər konkret ölkələrlə də bağlı bunu söyləyə bilərik. Rusiya ölkələrin daxilində özünə bağlı qüvvələri hakimiyyətə qarşı qaldırır, sonra da aldadıcı açıqlamalar verməklə guya bu məsələlərdə Rusiyanın əlinin və rolunun olmadığını göstərməyə çalışır”.

Ekspertin sözlərinə görə, Ermənistanda baş verən son hadisələrin nə zaman və hansı şəraitdə başladığına diqqət etmək lazımdır, o zaman bəlli olacaq ki, aksiyalara başlamaq üçün düymə haradan və nə üçün basılıb: “Hazırda Ermənistanda küçə etirazlarının əsas təşkilatçısı olan Artur Vanetsyan Moskvaya səfərə gedib qayıdandan sonra aktivləşdi və bu etiraz aksiyalarının fasiləsiz keçiriləcəyini bəyan etdi, bununla da aksiyalar başlandı. Vanetsyanın Rusiyaya səfəri isə o zaman oldu ki, 6 apreldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının sədri Şark Mişelin iştirakı ilə Brüsseldə görüş keçirildi və görüşdən sonra pozitiv açıqlamalar verildi, bu açıqlamalar gələcək perspektivlə bağlı ümidlər yaradırdı. Məhz bu görüş və onun nəticələrindən Moskva narahat oldu və Azərbaycana, Ermənistana Rusiyadan zənglər oldu, Ermənistanın xarici işlər naziri Moskvaya çağırıldı, bunun ardınca Ermənistan baş nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Rusiyaya çağırıldı. Bu səfərdən sonra Paşinyanın ritorikasında müəyyən dəyişiklikləri gördük. Burada Rusiyanın rolu və həqiqət ondan ibarətdir ki, Ermənistanı qarışdıran Moskvadır. Ermənistan dövlətinin siyasi, iqtisadi və informasiya məkanının əhəmiyyətli hissəsi birbaşa Rusiyanın nəzarətindədir. Ermənistanda baş verən proseslər böyük ölçüdə Moskvanın nəzarəti daxilində baş verir. Xüsusilə bu gün Ermənistandakı etiraz aksiyalarının təşkilatçılarının, öndə gedənlərinin sırasına baxdıqda bu şəxslərin hamısının-Robert Köçəryan, Seyran Ohanyan, Serj Sərkisyan, Artur Vanetsyan, İşxan Saqatelyan və digərlərinin birbaşa Rusiyanın əlaltıları və agentura şəbəkəsinin üzvləri olduğunu görürük.

İrəvanda Rusiya xofu artır - Ermənilər üçün Ukrayna və Gürcüstan nümunəsi

Onların səsləndirdiyi şüarlara, Azərbaycan-Ermənistan münasibətlərinə, o cümlədən Ermənistan-Türkiyə münasibətlərinə qarşı açıqlamalarına baxdıqda biz həmin etiraz aksiyalarının haradan, necə idarə olunduğunu açıq şəkildə görməkdəyik. Bu etiraz aksiyalarının keçirilməsində Rusiyanın iki əsas məqsədi var. Birincisi, Ermənistanda vəziyyəti gərginləşdirməklə özünün əhəmiyyətini artırmaq və Paşinyana təzyiq etmək istəyir. Çünki Paşinyan eyni vaxtda iki stulda oturmaqda davam edir, həm guya Qərblə münasibəti yaxınlaşdırmaq istəyir, həm də Rusiya ilə münasibətlərin inkişafında maraqlı olduğunu bəyan edir. Moskva təbii ki, Paşinyana inanmır və onu təzyiq altında saxlamağa çalışır. İkincisi, Rusiyanın məqsədi özünün təsir zonası hesab etdiyi Qafqazdakı bütün məsələlərin birbaşa və ancaq onun iştirakı ilə həllində maraqlı olduğunu nümayiş etdirməyə çalışır. Rusiya hesab edir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması onun maraqlarına uyğun deyil, Rusiyanın bölgədə təsir imkanlarını azaldacaq. O baxımdan Rusiyaya bölgədə nəzarət olunan gərginlik lazımdır. Odur ki, Ermənistanda baş verən etiraz aksiyalarının komandasının və göstərişinin gəldiyi ünvan Rusiyadır” (musavat.com).

Etibar SEYİDAĞA

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu