"Qəribə insanıq, indi boş vaxt çoxdur, ancaq iş arzusundayıq"

18 Aprel 2020 18:15 I Divizion 714
"Qəribə insanıq, indi boş vaxt çoxdur, ancaq iş arzusundayıq"

Sportinfo.az xəbər verir ki, ölkədə tətbiq olunan xüsusi karantin rejimi adamların gündəlik həyatının axarını kökündən dəyişib.

Xüsusilə də fəal həyat tərzinə öyrəşənlər üçün bu dönəm çox çətindi.

Veteran futbolçu, “Kəpəz”in məşqçilər korpusunda yer alan Vidadi Rzayevi də bu sıraya aid etmək olar. Onu yaxından tanıyanlar bilir ki, futbolla nəfəs salan “Vidoş” eyni zamanda təbiət vurğunudu, mahir ovçudu, balıq tutmağı çox sevir.

Veteran futbolçu boş vaxtını dağda-daşda, meşədə, çay qırağında keçirməyi xoşlayır. Bəs görəsən, karantin günlərində Vidadi bəy nə iş görür, boş vaxtını necə keçirir? Bu suala cavab tapmaq üçün onu aradıq (Futbol+).

İlk kəlmədəcə bekarçılıqdan bezdiyini bildirən Rzayev hər gün başını bir məşğuliyyətlə qatır: “İndi sizinlə danışan anda həyətdə əkinlə məşğulam. Pomidor, xiyar və başqa tərəvəzlər üçün yer düzəldirəm.

Bizim Göygöl torpağında yetişən tərəvəzin öz dadı-tamı var. Yayda öz bağımın məhsullarını yeyirik. Bundan başqa, idman telekanllarını izləyirəm. “İdman” TV-də 2018-ci ilin dünya çempionatının oyunlarını göstərirlər. Onlara da baxıram.

Bugünlərdə Rusiya – Xorvatiya oyununun təkrarını verəcəklər. Həmin matçı səbirsizliklə gözləyirəm. Çox maraqlı qarşılaşma idi. Yaz fəsillərin şahıdı. Bu fəsil Göygöldə daha gözəl olur, təbiət oyanır, ətraf yaşıllığa bürünür. İndi qulançarın və başqa şəfalı bitkilərin yığılan vaxtıdı.

Bəzən mən də çölə-bayıra çıxıb Allahın bizə bəxş etdiyi nemətlərdən toplayıram. Hərdən öz-özümə fikirləşirəm ki, nə yaxşı kənd yerində yaşayıram. Yoxsa karantin dönəmində şəhərdə mənim üçün çox çətin olardı”.

Rzayev xüsusi rejim tətbiq olunandan bəri cəmi iki dəfə Gəncəyə getdiyini də bildirdi: “Futbol yox, komanda məşq etmir. Boşuna Gəncəyə getməyin mənası nədi? Bu müddətdə yalnız iki dəfə şəhərə düşmüşəm.

Birində hüzr yerinə getmişəm, bu gün isə atamı həkimə aparmışam. Qalan günlər kənddə olmuşam. İnşallah, karantin başa çatar və mən də hamı kimi işimə qayıdaram. Futbolsuz qalmaq çox çətindi.

Biz insanlar çox qəribəyik. İş olan vaxtı deyirik ki, boş vaxt olsaydı, bir qədər istirahət edib, özümüzə gələrdik. İndi boş vaxt istənilən qədərdi, ancaq iş arzusundayıq (gülür).

Adam bəzən sahib olduğuna vaxtında dəyər verə bilmir. Bu da bir sınaqdı, yəqin ki bundan sonra çoxlarının həyata baxışı dəyişəcək. Hər halda, mən belə düşünürəm”.

Digər Xəbərlər
Xəbər Lenti