Bu oyuna baxmayan çox şey itirəcək - Liqanın “Şah əsəri”!

14:20 I Divizion 97
Bu oyuna baxmayan çox şey itirəcək - Liqanın “Şah əsəri”!

Bu gün saat 15:00-dan etibarən I Liqada turun diqqətçəkən qarşılaşmalarından biri baş tutacaq.
Futbol ictimaiyyəti “Şahdağ Qusar”la Səbail arasında prinsipial dueli izləmək imkanı qazanacaq.
Çempionluq uğrunda mübarizənin əsas namizədlərindən sayılan komandaların qarşılaşması böyük maraq doğurur. Hər iki kollektivin hədəfi bəllidir - mövsümü zirvədə başa vuraraq Premyer Liqaya yüksəlmək.
Məhz bu amil Binə stadionunda baş tutacaq görüşün əhəmiyyətini daha da artırır.
5 turdan sonra 12 xala malik “Şahdağ Qusar” turnir cədvəlinə başçılıq edir. Aktivində 10 xal olan “Səbail” isə 3-cü pillədə qərarlaşıb.
Bu mənada bugünkü qarşılaşma xüsusilə “dənizçilər” üçün böyük əhəmiyyət daşıyır. “Səbail” qələbə qazanacağı, eyni zamanda “Gəncəbasar” xal itirəcəyi təqdirdə liderliyə yüksələ bilər.
Əksi yaşansa, “Şahdağ Qusar” qələbə təqdirində liderlik mövqeyini daha da möhkəmləndirəcək, “Səbail”in çempionluq mübarizəsində işi çətinləşəcək.
Aradakı xal fərqinin artması Bayıl təmsilçisinin üzərindəki təzyiqi artıracaq.
Qarşılaşmanın prinsipiallığını artıran başqa məqam da var.
Ötən mövsüm Qusar komandasının uğurları üçün pul xərcləyən sponsorlar hazırda “Səbail”ə maliyyə dəstəyi verir. Üstəlik, baş məşqçi Elnur Abdullayev də Qusar təmsilçisindən paytaxt komandasına keçib.
Qusar futbolunun tanınmış simalarından olan Rahid Əmirquliyev də hazırda “Səbail”in formasını geyinir, klub rəhbərliyində mühüm post tutur.
Bir sözlə, ötən mövsüm “Şahdağ Qusar”ın uğurları üçün tər tökmüş bəzi şəxslər bu dəfə keçmiş komandalarına qarşı mübarizə aparacaq, “Şahdağ”ın məğlubiyyətini arzulayacaq.
Bu məqam da qarşılaşmaya əlavə prinsipiallıq və xüsusi rəng qatır.
Bugünkü duel təkcə 3 xal uğrunda yox, həm də çempionluq yolunda ciddi sınaqdır. I Liqada mövsümə damğa vurmağa namizəd olan bu qarşılaşmadan gözləntilər böyükdür.
Ümid edək ki, meydandakı mübarizə ümidləri doğruldacaq və azarkeşlər 90 dəqiqə ərzində əsl futbol izləyəcəklər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti