“Səbail”in futbolçusu Slavik Alxasov Azərbaycan Birinci Liqasının 6-cı turunda “Şahdağ Qusar”a 0:1 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı müdafiəçisi məğlubiyyətin səbəblərindən, komandanın hazırkı vəziyyətindən və mövsümün sonunda Premyer Liqaya qayıtmaq şanslarından bəhs edib.
Alxasov çempionluq uğrunda mübarizə aparan rəqiblə qarşılaşmaya ciddi hazırlaşdıqlarını və meydana qələbə üçün çıxdıqlarını bildirib:
“Bilirdik ki, “Şahdağ Qusar” da bizim kimi çempionluğa oynayır. Qələbə qazanmaq, 3 xal əldə etmək istəyirdik. Ancaq alınmadı.
Qol buraxdıqdan sonra qırmızı vərəqə almağımız oyun planlarımızı pozdu. Futboldur, belə hallar olur. Bu dəfə alınmadı”.
O, çempionatın hələ yeni başladığını və qarşıda komandanı çoxlu oyunların gözlədiyini vurğulayıb:
“Çempionat hələ yenidir. Hazırda 6-cı turu geridə qoymuşuq. Qarşıda bizi çox oyun gözləyir.
İndidən nəsə demək çətindir. Bu oyundan nəticə çıxarıb yolumuza davam etməliyik”.
O, mövsümün sonunda Premyer Liqaya qayıtmaq ehtimalına da münasibət bildirib: “İnşallah, biz buna inanırıq. Komanda olaraq inanmasaq, əlbəttə ki, heç nə alınmaz”.
