I Liqanın beşinci turunda sensasiya qeydə alındı.
Bunadək qələbələri sıralayan «Şahdağ» gözləmədiyi məğlubiyyətlə üzləşdi.
Şamaxıda «Xankəndi»nin qonağı olan Qusar təmsilçisi ikinci hissənin sonuna yaxın qapısında gördüyü qolla məğlubiyyəti passivinə yazdı.
Çempionatın debütantı beləcə, Premyer Liqaya iddialı rəqibini üstələyərək, ilk qələbəsini rəsmiləşdirdi. Səbuhi Bayramovun idarə etdiyi oyundan sonra yaşanan hadisə isə görənləri həm təəccübləndirdi, həm də təəssüfləndirdi.
Belə ki, qonaqların baş məşqçisi Füzuli Məmmədov əsəbi şəkildə meydana daxil olaraq, futbolçularının rəqiblə əl sıxıb sağollaşmasına imkan vermədi.
O. bununla da kifayətlənməyərək, oyunçularını sərt formada danlaya-danlaya paltardəyişmə otağına göndərdi.
Bu olay özlüyündə təsdiqləyir ki, Füzuli Məmmədov məşqçi olaraq hələ də böyüməyib. Hərçənd 15-16 ildir bu sahədədir, Premyer Liqada «Neftçi» və «Karvan»ı bir neçə ay çalışdırıb, aşağı yaş qrupları üzrə millilərdə fəaliyyət göstərib. Amma necə var, elə də qalıb, bir addım irəli getməyib.
Füzuli Məmmədov indiyədək harada işləyib, qısamüddətli olub. Onu bir tanıyan sevinir, bir də xudahafizləşən. Məşqçi kimi savadlıdır, di gəl, xasiyyəti və xarakteri inkişafına problem yaradır.
Bunadək onun rəhbərliyi altında oynamış futbolçuların əksəriyyəti eyni sözü təkrarlayır. Bəli, o, yersiz çox danışır və yöndəmsiz hərəkətləriylə hamını bezdirir.
«Xankəndi» ilə qarşılaşmadan sonra etdiklərinə nə ad verəsən? Məğlubiyyət futbolun bir hissəsidir. Bu acı dəqiqələri dünyanın bütün məşqçiləri yaşayıb.
Udmaq varsa, uduzmaq da var. «Şahdağ» liqanın debütantı ilə bacarmayıbsa, Məmmədov bunun günahını ilk növbədə özündə axtarmalıdır.
Çünki istənilən döyüşü əsgər udur. Məğlubiyyət bütün hallarda generalın, yəni, baş məşqçinin «ayağındadır».
Füzuli Məmmədov son davranışıyla göstərdi ki, o, futbolçularına hörmətlə yanaşmır. Bu, hələ onun publika qarşısında, stadionun düz ortasında etdiyi hərəkətdir.
Görün, məşqdə, paltardəyişmə otağında onlarla necə rəftar edir! Təsəvvürünüzə gətirirsiz? Yazıq futbolçuların halına!
Komandasının oyunçularına yanaşması bu cür olan baş məşqçi ilə «Şahdağ» hara qədər gedə bilər ki? Gec-tez burada bir təfriqə yaradacaq o.
Füzuli Məmmədov olsun, xoşagəlməz tərzindən əl çəksin? Belə gəlib, belə də gedəcək. Dəyişməyəcək və düzəlməyəcək.
«Mingəçevir»də bir neçə futbolçu var idi ki, bu cür münasibəti qəbullanmırdı, sözü üzünə deyirdi.
Ola bilməz ki, «Şahdağ»da da xarakterli kimlərsə olmasın. Mütləq içlərində cəsarətlilər var və günlərin birində ona «özünə və bizə hörmət qoy!» söyləyəcək.
«Mingəçevir» və «Karvan»ın idarəçiləri səhvini tez düzəltdi, Ancaq görünür, «Şahdağ» rəhbərliyi hələ yaxşı tanımır Füzuli Məmmədovu. Tanıyanda da gec olmasa yaxşıdır.
SPORTİNFO.AZ
