Bu gün Premyer Liqana vəsiqə uğrunda pley-off oynayacaq ikinci komanda müəyyənləşəcək.
Bu, I Liqanın sonuncu - 27-ci turunda keçiriləcək "Mingəçevir" - "Səbail" matçından sonra bəlli olacaq.
I Liqada ikinci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gələcək. Hazırda isə "Səbail" 50 xalla 2-ci, "Mingəçevir" 48 xalla 3-cüdür. Bu isə o deməkdir ki, bugünkü görüşdə "Səbail"ə heç-heçə də sərf edir, FİFA referisi Elçin Məsiyevin idarəçiliyində keçiriləcək görüşdə "Mingəçevir" isə mütləq qalib gəlməlidir. Amma… Düşərgədən gələn son xəbərlər yerli publikanı üzür. Klubun sponsorları bu vacib duel öncəsi yenə məşqçi və futbolçuları aldadıb. Üçüncü aydır maaş almayan kollektivə ödəmələrin edilməyəcəyi söylənilib. «Hara istəyirsiz, ora da şikayət edin, bizim vecimizə də deyil » - onlara belə bir xəbər göndərilib. Bildirilib ki, bundan sonra «Mingəçevir»in yaşaması da sual altındadır. Çünki Adnan Əhmədzadənin həbsindən sonra futbol sahəsinə diqqət ayırmağa ehtiyac görmürlər.
SPORTİNFO.AZ

