Premyer Liqada bütün intriqa ötən həftə sona çatdı.
Artıq son tur formal xarakter daşıyacaq.
Amma Birinci Liqa barədə bunu demək olmaz.
Düzdü, burada da "Şəfa"nın çempionluğu artıq rəsmiləşib.
Amma ikinci pillə uğurunda amansız mübarizə gedir.
Pley-offda çıxış etmək üçün üç komandanın şansları hələ də qalır.
Bu baxımdan xüsusilə "Mingəçevir" - "Səbail" görüşünə maraq böyükdür.
Bakılıları 1 xal da qane edir, bölgə klubunun isə tək hədəfi qələbə olacaq.
Matçdan öncə Sportinfo.az-a açıqlama verən "Mingəçevir"in Premyer Liqa təcrübəli müdafiəçisi Fuad Bayramov şansları dəyərləndirib, klub daxilindəki ən son vəziyyətdən danışıb:
"Qarşıdakı oyunun mahiyyətini komanda olaraq bilirik. Bu görüşdə bizi yalnız 3 xal qane edir.
Kollektiv olaraq meydana yalnız qələbə üçün çıxacağıq. Hakimin son fitinə qədər döyüşəcəyik.
Daxildə ab-hava yaxşıdır. Məqsədimiz pley-off mərhələsinə vəsiqə qazanmaqdır.
Doğma meydanda oynamağımız bizə əlavə güc verəcək.
Mingəçevir azarkeşləri futbolu çox sevirlər. Əminəm ki, bu görüşdə də çox insan komandanı dəstəkləməyə gələcək. Biz də Kollektiv olaraq əlimizdən gələnin daha artığını edib, onları sevindirməyə çalışacağıq".
Bu gün Mingəçevir şəhər stadionunda keçiriləcək görüş 17:00-da başlayacaq.
XANOĞLAN

