Premyer Liqanın finişinıə bir tur qalmış bütün suallara aydınlıq gəldi.
“Sabah” “qızıl dubl etdi”, “Qarabağ” Avropa Liqasına, “Turan Tovuz”la “Neftçi” Konfrans Liqasına vəsiqə qazandı, “Karvan-Yevlax” elitanı tərk etdi, “Qəbələ” isə yüksək dəstədəki yerini qorumaq üçün pley-off oyunu keçirəcək.
Bölgə təmsilçisi növbəti mövsümdə Premyer Liqada mübarizə aparmaq üçün I Liqanın 2-cisi ilə münasibətlərinə aydınlıq gətirməlidir.
Həmin komandanın adı hələ ki, məlum deyil. Daha doğrusu, bu ada mayın 22-də aydınlıq gələcək.
Həmin gün Mingəçevirdə şəhərin eyniadlı komandası ilə “Səbail” üz-üzə gələcək ki, “Qəbələ”nin rəqibi bu matçın nəticəsinə uyğun olaraq müəyyənləşəcək.
I Liqanın başa çatmasına 1 tur qalmış “Səbail” 50 xalla 2-ci sırada qərarlaşıbsa, “Mingəçevir”lə “Baku Sportinq” eyni xalla (48) 3-4-cü pillələri bölüşürlər.
“Baku Sportinq”in 2-cilik şansı yoxdur.
Belə ki, “Mingəçevir” – “Səbail” qarşılaşmasında meydan sahibləri qələbə qazansa, “Baku Sportinq” də “Şahdağ Qusar”ı məğlub etsə, xallar bərabərləşir və ümumi qələbə sayına görə mingəçevirlilər önə çıxır.
Mingəçevirdə eç-heçə qeydə alınsa, “Baku Sportinq” də 3 xala sevinsə, belədə “Səbail”lə xallar eyniləşir ki, yenə ümumi qələbə sayına görə Bayılın komandası mövsümü 2-ci yerdə bitirir.
Odur ki, 2-ciliyin taleyini birmənalı şəkildə “Mingəçevir” – “Səbail” görüşünün yekun nəticəsi müəyyənləşdirəcək.
Nur şəhərinin tənsilçisi matçı qələbə ilə başa vursa, pley-offa vəsiqə qazanacaq. Yox, “Səbail” qalib gəlsə, hətta oyun heç-heçə sonuçlansa, o zaman paytaxt komandası “Qəbələ”yə rəqib olacaq.
Odur ki, I Liqada mövsümün ən səs-küylü, taleyüklü dueli gerçəkləşəcək. Bu oyunun gedişatını indidən təsəvvür etmək çətin deyil.
Mayın 22-də Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydanında baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

