Premyer Liqanın yekununa 2 tur qalmış bir çox suallara aydınlıq gəldi.
“Sabah” mövsümü çempion qismində başa vuracaq, “Qarabağ”la “Turan Tovuz” ölkəmizi avrokuboklarda təmsil edəcək,
“Karvan-Yevlax” elita ilə vidalaşacaq, “Qəbələ” çempionatda qalmaq üçün İ Liqanın 2-cisi ilə pley-off matçına çıxacaq (həmin komanda çox güman “Səbail” olacaq - H).
Mayın 13-də keçiriləcək Azərbaycan kubokunun final qarşılaşmasında “Sabah”la “Zirə”dən biri qəniməti qazanacaq ki, zirəlilər qalib olacağı təqdirdə avrokuboklara dördüncü vəsiqənin taleyinə aydınlıq gələcək və bununla da son 2 tur formal xarakter daşıyacaq.
İndiki məqamda sual doğuran əsas məqam Premyer Liqa üçün pley-off matçının hansı stadionda və nə vaxt keçiriləcəyidir.
Oyunun mayın 28-də keçiriləcəyi dəqiqləşib.
Məkan məsələsi isə hələ də açıq qalıb. Bu isə səbəbsiz deyil.
Çünki İ Liqanın 2-cisinin adı rəsmiləşməyib. “Qəbələ”ylə hansı komandanın oynayacağı dəqiqləşəndən sonra PFL stadion seçimi edəcək.
Oyunun Tofiq Bəhramov adına stadionda keçirilək şansı böyük olsa da, bununla bağlı qərar verilməyib.
Mayın 15-də “Bayıl Arena”da keçiriləcək “Səbail” – “Şahdağ Qusar” görüşündə birincilər qələbə qazansa, I Liqanın başa çatmasına 1 tur qalmış “Qəbələ”nin pley-offdakı rəqibinin adına aydınlıq gələcək.
HƏBİB / SPORTİNFO.AZ

