.jpg)
"Baku Sportinq"də Elman Sultanovla bağlı müəmma davam edir.
Buzovna təmsilçisi 51 yaşlı mütəxəssislə yolların ayrılmasının astanasındadır.
Bu da səbəbsiz deyil.
Təcrübəli mütəxəssisi bu fikrə salan hadisə Bakı klubunun sabiq hücumçusu Röyal Nəcəfovun geri dönüşüdür.
Röyal "Baku Sportinq"ə İkinci Liqanın çempionu olmasında futbolçu kimi fayda verib.
O, tanış ünvana məşqçi kimi qayıdıb.
Qərarı rəhbərlik verib və bu da Sultanovun ürəyincə olmayıb. Tərəflər arasında münasibətlər Nəcəfovun burada olduğu birinci dönəmdən pisləşib.
Onunla yolların ayrılmasında da korlanan münasibətlər ciddi rol oynayıb.
Məşqçilər korpusunda yer alacaq digər yeni şəxs - Qərib İbrahimovla da baş məşqçinin münasibətləri yolunda deyil.
İstəmədiyi ikilinin onun korpusunda yer alması çalışdırıcını ciddi narahat edir.
Başverənlərlə bağlı saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədov bunları deyib:
"Düşərgədə hər şey yolundadır. 28 iyun klub daxilində toplantı keçiriləcək. Rəhbərlik və məşqçilər korpusu bir araya gələcək. Yeni mövsümün planları məhz həmin iclasda müəyyən olunacaq. Onu da əlavə edə bilərəm ki, heyətdə köklü dəyişiklərə artıq indidən start verilib. 10 futbolçu ilə yollar ayrılıb".
Xatırladaq ki, Elman Sultanov 2023-cü ildən bu klubu çalışdırır.
Onun rəhbərliyi altında komanda 2023/24 sezonunda İkinci Liqanın çempionu olaraq Birinci Liqaya vəsiqə qazana bilib.
"Baku Sporting" başa çatan mövsüm 28 xalla 10 komanda arasında liqanı 8-ci sırada tamamlayıb.
SPORTİNFO.AZ