
Gələn mövsüm I Liqada yarışmaçıların sayı artırılacaq. Bu barədə AFFA-dan saytımıza bildirilib.
Federasiyadan redaksiyamıza verilən məlumata görə, çempionatda iştirakçı sayının 10-dan 14-ə çatdırılması nəzərdə tutulub.
Yenilərin heç də hamısı II Liqadan dəvət olunmayacaq. II Liqada sezonu ilk 3 pillədə bitirənlər birbaşa bura vəsiqə qazanıbsa, digər 4 yeri Əvəzedicilər Liqasının təmsilçiləri tutacaq.
AFFA bu ildən Əvəzedicilər Liqasını ləğv etməyi planlaşdırır. Bununla bağlı Premyer Liqa mənsublarına sorğu göndərilib.
«Neftçi», «Sabah», «Qarabağ» və «Sumqayıt» ikinci komandalarını yaşatmaq istədiyini bildirib, digərləri isə bunda maraqlı deyil.
Onların mövqeyi də anlaşılandır. Federasiya klublara ayrılan illik dotasiyanın məbləğini 500 min manat aşağı salıb.
Gələn «futbol ili»ndən bu rəqəm 2,5 milyon manat həddin enəcək. Əlbəttə, yardım paketinin azalması elita nümayəndələrinin durumuna mənfi təsir göstərəcək.
Beş yüz min manat bir çoxu üçün böyük puldur. «Şamaxı» kimi qəpiyyə güllə atanlar belə məqamda «dubl»u necə saxlasın?
Əvəzedici heyətlər I Liqada müsabiqədənkənar çıxış edəcək. Onların nəticələri yekun tabloda nəzərə alınmayacaq.
SPORTİNFO.AZ