
Azərbaycanın idman sahəsində yenicə fəaliyyətə başlayan, I Liqada mübarizə aparan «Difai» ilə işbirliyi yaratmış, artıq beynəlxalq miqyasda önəmli addımlar atmış «Jaguar Sports» Avropanın nüfuzlu idman təhsil müəssisələrindən biri olan «ITTI Sports Institute» (İspaniya) ilə rəsmi əməkdaşlıq əlaqələrinin qurulduğunu elan edib.
Bu əməkdaşlıq «Jaguar Sports»un qlobal idman təhsil şəbəkəsinə qoşulmaq və Azərbaycan gəncləri üçün beynəlxalq imkanlar yaratmaq yolunda atdığı strateji addımlardan biri kimi qiymətləndirilir.
«ITTI Sports Institute» idman təhsili sahəsində Avropanın qabaqcıl institutlarından biridir.
Xüsusilə İspaniya Kral Futbol Federasiyası ilə birgə həyata keçirdiyi təhsil proqramları ilə tanınır. ITTI həmçinin beynəlxalq idman hüququ təşkilatları ilə əməkdaşlıq quraraq, idman menecmenti, futbol hüququ və digər ixtisaslaşdırılmış proqramlar üzrə qlobal səviyyədə tədris imkanları təqdim edir.
Hazırda dünyanın 30-dan çox ölkəsində tərəfdaşlıqları olan institut gələcəyin idman liderlərini yetişdirmək istiqamətində çalışır.
Yenilikçi yanaşması və beynəlxalq yönümlü missiyası ilə «Jaguar Sports» qısa müddətdə böyük düşünən və qlobal əlaqələrə açıq idman təşkilatı kimi diqqət mərkəzinə düşüb.
«Jaguar Sports»un əsas məqsədi, yerli idman potensialını beynəlxalq imkanlarla birləşdirmək, təhsil və inkişaf platforması yaratmaqdır.
ITTI ilə qurulan bu əməkdaşlıq «Jaguar Sports»un qlobal idman icmasına inteqrasiya yolunda ilk, lakin güclü addımıdır.
Bu strateji tərəfdaşlıq, yaxın gələcəkdə «Jaguar Sports»un vasitəsilə Azərbaycanlı gənclərin beynəlxalq səviyyəli təhsil proqramlarına çıxışını genişləndirəcək və ölkədə idman təhsili, menecment və hüquq sahələrinə olan marağı daha da artıracaq.
«Jaguar Sports» rəhbərliyi bildirir:
“Bizim üçün bu əməkdaşlıq yalnız nüfuzlu bir addım deyil, həm də Azərbaycanda idman təhsilinin yeni istiqamətini formalaşdırmaq üçün başlanğıcdır. ITTI kimi bir institutla tərəfdaşlıq qurmaq bizim vizyonumuzu daha da gücləndirir.”
«Jaguar Sports» və «ITTI Sports Institute» arasındakı bu əməkdaşlıq həm Azərbaycan, həm də region üçün idmanda bilik, inkişaf və qlobal əlaqələrin təməlini qoyur.
SPORTİNFO.AZ