
“Mingəçevir”in rəhbərliyində gözlənilməz ayrılıq baş verib.
Bu ilin yanvarında I Liqada mübarizə aparan klubla tərəfdaşlıq müqaviləsi imzalayan ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov vəzifəsini tərk edib.
Dörd ay “işıqçılar“ın başında dayanmış şəxs investorların istəyi ilə postundan gedib.
Güman ki, bu, ötən aylarda “Mingəçevir“də yaşanan hadisələrə görədir.
Füzuli Məmmədovu sükan arxasına gətirən rəhbərlik böyük neqativ hadisələrlə üzləşib. Yeni baş məşqçinin təyinatı klubun adını bədnam edib. Hər gün düşərgədə bir qalmaqal baş verir.
Saytımız Mingəçevirin eyniadlı təmsilçisinin yaşadığı problemləri daim diqqət mərkəzində saxlayır və obyektiv olaraq işıqlandırır. Təbii ki, bütün bunlar ASTA-nın yaradıcılarının da gözündən yayınmayıb.
Onlar araşdırıb və görüblər ki, yaydığımız xəbərlər həqiqəti əks etdirir. Odur ki, yaxın vaxtlarda daha bir neçə nəfərin klubun idarəçiliyindən uzaqlaşdırılması gözlənilir.
SPORTİNFO.AZ