Premyer Liqaya yüksələn klub böyük problemlə üzləşdi - KÖMƏK İSTƏDİLƏR

09:20 I Divizion 386
Premyer Liqaya yüksələn klub böyük problemlə üzləşdi - KÖMƏK İSTƏDİLƏR

Azərbaycan Premyer Liqasına yüksələn "İmişli" bəyanat yayıb.

Sportinfo.az xəbər verir ki, bəyanatda klub Heydər Əliyev adına İmişli şəhər stadionunun mülkiyyətçisinə çevrilməkdən ötrü AFFA-ya müraciət etdiyini açıqlayıb.

"Son zamanlar internet resurslarında "İmişli" PFK-ya qarşı əsassız ictimai rəy formalaşdırılmağa çalışılır. Bu məqsədli şəkildə aparılmaqla yanaşı klubumuzun heç bir dəyərini, vizyonunu və missiyasını əhatə etmir.

Nəzərinizə çatdırmaq istərdik ki, klubun ev oyunlarını keçirdiyi Heydər Əliyev adına İmişli şəhər stadionu bir dövlət qurumu və bir özəl müəssisənin mülkiyyətindədir.

Bu stadionda bizim klubdan başqa 3 klub II Liqa və Region Liqasında öz oyunlarını keçirir, stadiondan icarə əsasında istifadə hüquqlarına malikdirlər.

Klub rəhbərliyi ötən iki mövsüm ərzində dəfələrlə stadionun mülkiyyətinin alınması üçün müraciətlər edib, lakin çox təəssüflər olsun ki, bu müraciətlər müsbət həllini tapmayıb.

Bu mövsüm klub rəhbərliyi öz şəxsi vəsaitləri hesabına stadionun ot örtüyünü sıfırdan renovasiya etməsinə baxmayaraq, hədsiz yüklənmə (digər klubların da burada müntəzəm məşq və oyunlar keçirməsi) nəticəsində örtük öz keyfiyyətini itirib.

Dünya standartlarına əsasən bir təbii ot örtüyü üzərində həftə ərzində ən çoxu 1 oyun keçirilə bilər ki, hazırkı vəziyyətdə bizim bunu təmin etməyimiz hüquqi baxımdan mümkün deyil.

Məsələnin müsbət həlli üçün AFFA-nın rəhbərliyi ilə müvafiq qurumlarla danışıqlar aparılması üçün müzakirələr təşkil olunub və dəstək alınıb. Əminik ki, qısa zamanda Heydər Əliyev adına İmişli şəhər stadionunun "İmişli" PFK-nın mülkiyyətinə keçirilməsi baş verəcək və biz UEFA-nın 3-cü kateqoriyasını almaq üçün renovasiya işlərinə başlaya biləcəyik", - deyə bəyanatda bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti